İsrail Prezidenti Knessetə üç həftə vaxt verdi

İsrail Prezidenti Ruven Rivlin müxalif “Kahol-Lavan” blokunun lideri Beni Hansın və Baş nazir Binyamin Netanyahunun uğursuzluğundan sonra koalisiya hökuməti formalaşdırmaq üçün parlament deputatlarına 21 gün vaxt verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, ölkə prezidenti Qüds şəhərindəki iqamətgahında keçirilən xüsusi mərasimdə bu barədə Knessetin spikeri Yuliya Edelşteyni rəsmən məlumatlandırıb.

Hökuməti formalaşdırmaq hüququnun Knesset deputatlarına verilməsi İsrail üçün misli görünməmiş hadisədir.

Qüvvədə olan qanunvericilik İsrail Knessetinin deputatlarına 21 gün ərzində parlament üzvlərinin əksəriyyətinin dəstəyini qazana biləcək namizəd tapmaq və hökuməti formalaşdırmaq imkanı verir. Bunun üçün Baş nazir postuna namizəd 120 yerlik Knessetdə deputat çoxluğunun səsini əldə etməlidir. Bununla yanaşı, istənilən parlament üzvü gələcək Baş nazir vəzifəsinə iddia edə bilər.

Knessetin hökuməti formalaşdırmaq cəhdləri boşa çıxsa, İsraili tarixində ilk dəfə bir il ərzində ardıcıl üçüncü parlament seçkiləri gözləyir.