Fransa və ABŞ Cənubi Qafqazda söz sahibi olmaq istəyir


"Münaqişəni özü həll edən Azərbaycan tərəfi mənasız vasitəçiliyə qətiyyən imkan verməyəcək"

BMT Baş Assambleyası çərçivəsində ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşü baş tuta bilər. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib. XİN rəsmisi həmsədrlərin Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə görüşməsini də mümkün sayıb. Rudenko hesab edir ki, görüş iki ölkə arasında münasibətlərin normallaşmasının praktiki mərhələyə keçdiyinin müsbət işartısı ola bilər. O xatırladıb ki, Minsk qrupunun rusiyalı həmsədri İqor Xovayev həm Bakıda, həm İrəvanda olub və bir sıra görüşlər keçirib. Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Minsk qrupundakı həmsədrini avqustun 30-da qəbul edib. Nazir qarşı tərəfə bölgədəki cari vəziyyət barədə məlumat verib. Üçtərəfli bəyanatdan irəli gələn müddəaların həyata keçirilməsi və etimadın qurulması tədbirlərinin reallaşması ətrafında fikir mübadiləsi aparılıb. Görünən odur ki, rəsmi Bakının birmənalı mövqeyinə rəğmən, müəyyən qüvvələr həmsədrlər məsələsinin gündəmdən çıxmasına imkan vermirlər. Ara-sıra öz aralarında görüşən vasitəçilər Azərbaycan və Ermənistan rəsmiləri ilə də təmas qurmaq niyyətlərini açıqca ortaya qoyurlar. Həm də bu təkliflə Rusiya tərəfi çıxış edir. 

“Həmsədr” oyunları ilə bağlı “Şərq”ə danışan siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev vurğulayıb ki, ABŞ, Fransa, eləcə də Rusiya missiyasını başa vurmuş Minsk qrupunu yenidən dirçəltmək cəhdləri göstərir. Professorun fikrincə, hər üç ölkənin ayrıca maraqları var: 

“Formalaşdırılmaqda olan dünya düzəni 2025-ci ildə başa çatmalıdır. Yeni düzəndə Qafqaz regionu mühüm strateji mövqeyə malikdir. Çinin “Bir yol, bir kəmər” layihəsinin şimaldan keçən hissəsində Azərbaycan da yer tutur. Çin Pekin-London marşrutu ilə bərabər Afrika layihəsini də gündəmə gətirir ki, həmin yol üzərində də açar dövlət məhz Azərbaycandır. Bakıya yaxın olmağın yolu Qarabağ məsələsində və Azərbaycan-Ermənistana müəyyən rol oynamaqdan keçir. Fransa və ABŞ Cənubi Qafqazda söz sahibi olmaq üçün səy göstərirlər. Rusiya isə regiondakı imperialist siyasətini daha da möhkəmləndirmək niyyəti güdür. Vaşinqtonla Moskvanın, hətta Amerika ilə Fransa arasında gərginlik olsa belə Cənubi Qafqaz bölgəsində hər üç ölkənin maraqları üst-üstə düşür. Burada geoiqtisadi maraqlarla yanaşı, xristianlıq təəssübkeşliyi də mühüm rol oynayır. Ancaq hamısının üstündə ticarətə əsaslanan siyasi ambisiyalar dayanır. Hazırda dünyada ticarət dövriyyəsi artmaqdadır. Lakin dəniz daşımaları ciddi problemlər yaradır. Pekindən Londona dəniz yoluyla daşımada 60 gün tələb olunursa, quru yolunda məsafə iki dəfə azalır. Ticarət dövriyyəsinin sürətini artırmaq, çalarlarını genişləndirmək və şaxələndirmək üçün əlavə tranzit dəhlizləri zəruridir. Yeni tranzit dəhlizinin ortasında yerləşən Cənubi Qafqaz regionu, dolayı yolla Azərbaycan Avropa və Asiya üçün çox önəmlidir”.
C.Nuriyev vurğulayıb ki, hər üç ölkə ATƏT-dəki nümayəndələri yeniləməklə qurumu “yeni format”da tərəflərə təqdim edirlər: “Məqsəd Azərbaycanla Ermənistan arasında sülh yaratmaq, bölgədəki gərginliyi azaltmaq deyil. Əksinə, həmsədrlərin niyyəti prosesləri yenidən Minsk qrupu çərçivəsinə salaraq uzatmaqdır. Rusiya ABŞ-ın regiona girməsində maraqlı deyil, çünki Ağ Evin əsas qayəsi çoxmillətli Rusiyanı parçalamaqdır. Lakin Moskvanı daha çox narahat edən məqam Türkiyənin Cənubi Qafqazda güclənməsi, soz sahibinə çevrilməsidir. Kremlin ATƏT-i bölgəyə səsləməsinin, daha doğrusu, gəlişinə göz yummasının səbəblərindən biri budur. Bütün hallarda “həmsədr” oyunları nəticəsiz qalacaq. Münaqişəni özü həll edən Azərbaycan tərəfi mənasız vasitəçiliyə qətiyyən imkan verməyəcək”. 

İsmayıl Qocayev