Dünyanın gözü və qulağı fevralın 24-dən Ukraynadan gələn xəbərlərdədir.
Müharibənin ilk günündən Ukraynaya dəstək verən Qərb Rusiyanı sanksiyalarla dayandırmağa çalışır.Tarixinin ən gərgin dövrünü yaşayan Rusiya-Qərb münasibətlərində bu vəziyyətdən ən çox təsirlənən ölkələrdən biri də Almaniyadır.
“Sherg.az” “Hürriyət qəzetinə” istinadən xəbər verir ki, günlərdir casus qalmaqalı ilə sarsılan Almaniya yeni bir hadisə ilə “ayılıb”.
Belə ki, Almaniyanın Münhen şəhərində Rusiya kəşfiyyatına məlumat ötürmək iddiası ilə Almaniya vətəndaşı saxlanılıb.
Baş Prokurorluqdan verilən açıqlamada Artur E. adlı Almaniya vətəndaşının bazar günü ABŞ-dan Almaniyanın Münhen şəhərinə gəldiyi zaman kəşfiyyat xidməti ilə əməkdaşlıq etdiyi səbəbi ilə hava limanında saxlanıldığı açıqlanıb.
Sözügedən şəxsin dekabr ayında Rusiyaya casusluqda şübhəli bilinərək həbs edilən Almaniya Xarici Kəşfiyyat Xidmətinin (BND) əməkdaşı Karsten L. ilə işlədiyi bildirilib.
Alman kəşfiyyatının əməkdaşı olmadığı vurğulanan Artur E.-nin Carten L.-dən aldığı məlumatları Rusiya kəşfiyyatına ötürdüyü və vətənə xəyanətdə ittiham edildiyi qeyd olunub.
İstintaqın BND və ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) ilə sıx əməkdaşlıq şəraitində aparıldığı deyilir.