“Adətən, belə hücumların ardından dövlət rəhbərləri təhlükəsizliyi təmin etmədikləri üçün üzr istəyir və bundan sonra baş verməyəcəyi yönündə təminat verirlər”
Xarici işlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı açıqlama verib. XİN-dən bildirilib ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub:
“Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir”.
Hədisəni "Sherg.az"a dəyərləndirən hərbi-siyasi ekspert Elxan Şıxəliyev bildirib ki, İran siyasi hakimiyyəti ərazisində yerləşən səfirliklərin mühafizəsinə cavabdehlik daşıyır:
"Görünür, rəsmi Tehran ərazisində fəaliyyət göstərən diplomatik korpusların mühafizəsində çətinlik çəkir. Ümumiyyətlə, baş verən hücum ciddi siyasi qalmaqaldır.
Adətən, belə hücumların ardından dövlət rəhbərləri təhlükəsizliyi təmin etmədikləri üçün üzr istəyir və bundan sonra baş verməyəcəyi yönündə təminat verirlər.
Başqa bir məsələ isə belə hadisələrin sonrakı mərhələdə hərbi konfliktə çevrilməsidir. Tarixdə səfirlərin öldürülməsi fonunda müharibənin başlanılmasının nümunələr var”.