Ancelina Coli Türkiyə və Suriya üçün ianə çağırışı edib

Dünyaşöhrətli amerikalı aktrisa Ancelina Coli Kahramanmaraşda “Əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələlərdən sonra Türkiyə və Suriyaya yardım çağırışı edib.

O, instaqram hesabında Suriyada axtarış-xilasetmə işləri aparan bir işçinin videosunu paylaşaraq “Bizim köməyinizə ehtiyacımız var” yazıb.

Yazıda, həmçinin Kahramanmaraşda dağıntılar altında həyatını itirən atanın qızının əlindən tutduğu foto, Hatayın pilotsuz təyyarə ilə çəkilmiş şəkli və Suriyada axtarış-xilasetmə işlərindən bir kadr da yer alıb.

Xeyriyyə kampaniyasının linkini də izləyiciləri ilə paylaşan məşhur aktrisa, “Ürəyim Suriya və Türkiyə xalqının yanındadır. Bir çox ailənin çəkdiyi ağlasığmaz ağrıları anlamaq çətindir. Ümid edirəm ki, başqaları da ianə etməyi düşünər”, - deyə qeyd edib.