Roma Statutu tələbi: Avropanın özü heç qəbul etdiyi bütün qərarları yerinə yetirmir -ŞƏRH

AB Roma Statutunu ratifikasiya etmiş dövlətləri öhdəliklərini yerinə yetirməyə çağırıb. Söhbət Rusiya Prezidenti Vladimir Putinin həbsindən gedir, çünki Beynəlxalq Cinayət Məhkəməsi onun barəsində order verib. Müvafiq bəyanat Vyanada ATƏT-in Daimi Şurasının iclası zamanı verilib.
AB köçkün düşmüş ukraynalı uşaqların və digər mülki şəxslərin taleyindən dərin narahat olduğunu bildirib. AB bir daha Rusiya və Belarusu onların Ukraynaya təhlükəsiz qayıtmasını dərhal təmin etməyə çağırır. Birlik Rusiyadan azadlıqdan qanunsuz məhrum etmiş bütün şəxsləri, o cümlədən ATƏT-in həbs edilmiş üç əməkdaşının dərhal azad edilməsini tələb edir. 

Tanınmış jurnalist, politoloq Fuad Abbasov “Sherg.az”a söyləyib ki, Avropanın Roma statutunu qəbul edən ölkələrdən Vladimir Putini həbs etməsi ilə bağlı çağırışı qanuni bir tələbdir:

“Bunu etmək Avropanın borcudur. Çünki Roma statutunun Beynəlxalq Cinayət Məhkəməsi Avropada olan Haqa şəhərində yerləşir. Bütün bunlar Vladimir Putinin 2 sentyabr Monqolustana səfərindən sonra baş verdi. Monqolustan isə Avropanın tərkib hissəsi deyil. Avropa Monqolustana qaz, neft, su vermir. Yəni Avropanın Monqolustandan, Monqolustanın da Avropadan hansısa asıllığı yoxdur. Ona görə də Monqolustan Avropanın hansısa tələbini yerinə yetirmədiyinə görə ona sanksiya tətbiq edilməyəcək. Buna görə də Monqolustandan belə bir şey tələb etmək düzgün deyil. Həmçinin molqollara daha yaxın olan ölkələr Rusiya və Çindir. Çünki Rusiya Monqolustanın milli maraqlarına Avropadan daha çox cavab verir”.

Ekspert qeyd edib ki, Avropanın özü qəbul etdiyi bütün qərarları yerinə yetirmir:
“Azərbaycanın Avropa Şurası Parlament Assampleyasından çıxmasının səbəblərinə nəzər yetirdikdə görürük ki, 30 il ərzində azərbaycanlı qaçqınlar haqqında heç bir qanun qəbul etməyən avropalıların 2023-cu ildə ermənilərin könüllü şəkildə Xankəndini tərk etməsinə görə rəsmi Bakıya qarşı etmədikləri çirkin əməl qalmadı. Əgər Avropanın özü qanunları yerinə yetirmirsə, necə digər ölkələrdən onun tələblərini həyata keçirməyi istəyə bilər? Vladimir Putin atdığı addımları yüz ölçüb, bir biçir. Yəni Putin gedəcəyi ölkələri çox yaxşı bilir. Azərbaycan, Şimali Koreya, Belarusiya və Nikaraquadan hansısa zərər gəlməyəcəyini bildiyinə görə Putin həmin ölkələrə səfər edir. Ukraynaya görə Rusiyaya qarşı olan bütün dünya ictimaiyyəti isə bunu maraqla izləyir. Azərbaycan başda olmaqla adı çəkilən dövlətlər dünya ictimaiyyətinə qarşı gedirmiş kimi təəssürat yaradırlar. Təbii ki, bu gələcəkdə Azərbaycana yaxşı nəticə verməyəcək”.