İsrail "Hizbullah"a qarşı mübarizəsini dayandırmayacaq-ŞOK PROQNOZ

İsrail Müdafiə Ordusu Livanda "Hizbullah"ın obyektlərinə zərbələr endirib və bəyan edib ki, bununla  hərəkatın "terror imkanları və infrastrukturunun pisləşməsinə"  nail olmaq istəyir. Bu barədə "euronews.com" nəşri məlumat yayıb. İsrail Müdafiə Ordusu bəyan edib ki, "Hizbullah" mülki livanlılardan "canlı qalxan" kimi istifadə edərək hərbi infrastrukturu inkişaf etdirib. "Hizbullah" onilliklərlə mülki evləri silahlandırıb, onların altında tunellər qazıb və mülki şəxslərdən "canlı qalxan" kimi istifadə edərək cənubi Livanı döyüş əməliyyatları zonasına çevirib. İsrail Müdafiə Ordusu İsrailin şimalında təhlükəsizliyi təmin edərək sakinlərə öz evlərinə dönmək və müharibənin məqsədlərinə çatmaq üçün fəaliyyət göstərir. 
 Bu arada isə sosial şəbəkələrdə Livanda "Hizbullah"ın obyektlərinin bombardman edilməsinin videoları dərc edilib. Beləliklə Üçüncü İsrail-Livan müharibə rəsmi olaraq başlayıb.

Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, Livandakı "Hizbullah" ötən il oktyabrın 7-dən HƏMAS-ı dəstəkləmək adı altında İsrailə qarşı müharibə edir:

“Ötən gün "Hizbullah"ın lideri Seyid Həsən Nəsrullah bəyan etdi ki, HƏMAS-ı dəstəkləyərək İsrailə qarşı müharibəyə davam edəcəklər. Əgər Hizbullar Livan ərazisində yerləşirsə demək ki, İsrail-Livan müharibəsi 2023-cü ilin oktyabrın 7-dən başlayıb. Xatırlayırsınızsa ötən il Livan rəsmiləri bildirdi ki, İsrail onların ərazilərini bombalamağa davam edərsə, özlərinə qarşı müharibə adlandıracaqlar və əks hücuma keçəcəklər. Belə olan halda sual yaranır ki, Livan hakimiyyəti ərazisindəki "Hizbullah"ın İsrailə qarşı hərbi əməliyyatlar həyata keçirməsinin qarşısını niyə ala bilmir? Yaxud da ölkə ərazisində ordudan başqa digər silahlı qüvvələrin saxlanılması hansı məntiqə uyğundur? Ona görə Livanın açıqlamaları İsrailin "Hizbullah"a qarşı mübarizəsini dayandırmayacaq”.

Ekspert qeyd edib ki, İsrail hökümətinin qarşıya qoyduğu hədəflər Fələstində, o cümlədən Qəzza zolağında qanunsuz hərbi quruplaşmaları sıradan çıxarmaq və İsrailin təhlükəsizliyini təhdid edən birləşmələri  zərərsizləşdirməkdir:
“Bu zərərsizləşdirilmə planına "Hizbullah" da daxildir. Artıq İsrail "Hizbullah"ın bir neçə hərbi komandirini öldürüb və çoxlu sayda hərbi obyektlərini dağıdıb. Məsələn, diqqət yetiriləsi məqamlardan biri də İsraillə Livan arasında sərhədlərin hələ də delimitasiya və demarkasiya prosesin başa çatmamasıdır. Bu da İsrailə Livan ərazisində "Hizbullah"a qarşı əməliyyatlar keçirməyə imkan yaradır. Sərhədlər müəyyənləşmədiyinə görə Livan hökümətinin İsrail Livana müharibə elan edib bəyanatı absurddur. Silahlı qarşıdurmanın başlamasının əsas səbəbi isə "Hizbullah"ı regionda neytrallaşdırmaqdır. İsrailin həm HƏMAS, həm də "Hizbullah"a qarşı müharibə aparması rəsmi Təl-əvivin arxasındakı qüvvələrin regiondan İranı çıxarmaq istəyindən irəli gəlir”.