Avropa Birliyi Gürcüstanda demokratiyanın daha da tənəzzülü halında bu ölkə ilə vizasız rejimin ləğvi imkanını nəzərdən keçirə bilər. Bu barədə “Politiko” qəzeti Avropa Komissiyasının (AK) nümayəndəsinə istinadən məlumat yayıb. Mənbə bildirib ki, AB vizanın liberallaşdırılmasının mümkün müvəqqəti ləğvi də daxil olmaqla, bütün variantları müzakirə edir. AB və Gürcüstan arasında viza rejiminin liberallaşdırılması və müvafiq fəaliyyət planı üzrə dialoqun bir hissəsi olaraq, Gürcüstan hakimiyyəti müəyyən tələbləri yerinə yetirməli idi, o cümlədən vətəndaşların fundamental hüquqlarının müdafiəsi və əhalinin bəlli qrupları arasında ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı məsələləri yerinə yetirməliydilər. Əlbəttə, Şengen zonasının daxili təhlükəsizliyinə təhlükə yaradan belə bir inkişaf baş verərsə, həmçinin Gürcüstanda demokratiyanın daha da zəifləyəcəyi təqdirdə lazımi qiymətləndirmə aparılacaq deyə nəşr bildirib.
Politoloq Turab Rzayev “Sherg.az”a bildirib ki, burada Avropa İttifaqının mövqeyi açıq şəkildə bəllidir:
“Avropa İttifaqı Gürcüstanla viza rejiminin ləğvini və təşkilata üzvlük məsələsini rəsmi Tbilisinin Avropaya inteqrasiya edəcəyi üçün gündəmə gətiermişdi. Eyni zamanda Gürcüstan öz gələcəyini Avropa İttifaqı və NATO-da görəcəkdi. Amma indiki vəziyyətdə Gürcüstan Avropa İttifaqından və Qərbə inteqrasiyadan üz döndərərək Şərqə doğru istiqamət alıb. Hətta Baş nazir İrakli Kobaxidze Rusiya və Çinlə əməkdaşlıqdan və Qərblə problemərdən danışıb. Bir sözlə Gürcüstan Rusiya və Çinlə əməkdaşlıq yolunu tutub. Xatırlayırsınızsa Ukrayna Avropa İttifaqından uzaqlaşdıqdan sonra orada ixtişaşlar başladı. Eləcə də Gürcüstan Avropa İttifaqına üzvlükdən imtina edərsə, vətəndaş cəmiyyəti və müxalifət ixtişaşlar təşkil edə bilər. Eyni zamanda Avropa İttifaqından uzaqlaşmağa görə hökümətə qarşı böyük aksiyaların təşkili mümkündür. Avropa İttifaqı isə Gürcüstan vətəndaşlarına vizasız gedişi ləğv etməklə vətəndaş cəmiyyətini hökümətə qarşı qaldırmağa çalışır. Ona görə də Gürcüstana qarşı vizasız rejimin ləğvi və onun Avropa İttifaqına üzvlük məsələsinin dayandırılması gözləniləndir”.