Peycer partlayışı: İran yeni qaydalar tətbiq edir

Livanda peycerlərin partlaması fonunda İranın Yaxın Şərqdə dəstəklədiyi qüvvələr rabitə vasitələrinin qorunması yollarını nəzərdən keçirir, xüsusən də döyüşçülərin elektron cihazlardan istifadəsi üçün yeni qaydalar tətbiq edir.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” nəşri mənbələrinə istinadla məlumat yayıb.

“İraqda və İordan çayının qərb sahilində İranla müttəfiq olan silahlılar avadanlıqları yoxladıqlarını və döyüşçülərin şəxsi cihazlardan istifadəsinə dair yeni qaydalar tətbiq etdiklərini bildiriblər”, - nəşr bildirib.

Fələstin “İslami Cihad” qruplaşmasının rəhbərlik etdiyi “Cenin” batalyonunun adı açıqlanmayan yüksək səviyyəli komandiri qəzetə açıqlamasında deyib ki, həddindən artıq ehtiyat tədbirləri görüləcək və döyüşçülər cihazları özlərindən uzaq tutmağa çalışacaqlar.

Onun sözlərinə görə, “Cenin” batalyonunun döyüşçüləri artıq cib telefonlarını istifadə etməkdən çəkinirlər.