İsrail ordusu Livanda Hizbullah üzvünün ələ keçirib

Livanın cənubunda gedən döyüşlər zamanı İsrail hərbçiləri Hizbullah şiə təşkilatının silahlı qüvvələrinin bir üzvünü sağ-salamat əsir götürüblər.

APA xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Onun sözlərinə görə, hərbçilər binada axtarış aparıblar və radikalın yerləşdiyi təxminən 7,5 m dərinlikdə yeraltı sığınacağa aparan tunelə keçid aşkar ediblər. Uzunmüddətli qalmaq üçün təchiz olunmuş həmin otaqda silah-sursat tapılıb.

Ordunun bəyanatına görə, Hizbullah döyüşçüsü təslim olub və saxlanılıb, hərbçilər tərəfindən yerindəcə sorğu-sual edilib və daha sonra İsraildə əlavə araşdırma üçün həbsxanaya aparılıb.

Bu, İsrail ordusunun Livanda quru əməliyyatına başlamasından bəri Hizbullah silahlı birləşmələrinin bir üzvünün ələ keçirilməsi ilə bağlı ilk xəbərdir.