Kürd kartı: Türkiyəyə qarşı Yaxın Şərqdə terror dövləti qurmağa səy göstərirlər

“Baxçalı mövcud təhlükələri, Türkiyənin güclənməsini istəməyən terror layihəsini neytrallaşdırmaq üçün çoxyönlü bir həmlə etdi”
 
 ABŞ Müdafiə Nazirliyinin sözçüsü, briqada generalı Patrik Rayder PKK terror təşkilatının Türkiyə Aerokosmik Sənayesi Şirkətinə (TUSAŞ) hücumu ilə bağlı açıqlama verib. General Türkiyənin ABŞ üçün mühüm müttəfiq olduğunu deyib. TUSAŞ-a hücumdan sonra Türkiyə ordusunun Suriyanın şimalında PKK/YPG terror təşkilatına qarşı həyata keçirdiyi əməliyyatlarla bağlı sualı cavablandıran Rayder ABŞ-nin Ankaranın son terror aktı ilə bağlı qanuni təhlükəsizlik narahatlıqlarını qəbul etdiyini bildirib. 
General ABŞ-nin PKK-nı terror təşkilatı kimi gördüyünü söyləyib: “Burada diqqətçəkən odur ki, iki lider (ABŞ və Türkiyə prezidentləri) NATO müttəfiqi və tərəfdaşlıq baxımından bir-birlərini dəstəkləmək üçün açıq əlaqə xəttini saxlamaqda qərarlıdır”. Pentaqon sözçüsü Türkiyənin qanuni təhlükəsizlik narahatlıqları ilə bağlı nə etməli olduğuna dair kommunikasiya kanallarının açıq olduğunu bildirib: “Hər iki nazir (Yaşar Gülər və Lloyd Ostin) bu məsələdə qərarlıdır. Türk müttəfiqlərimizlə yaxşı koordinasiyamız və ünsiyyətimiz var, bundan sonra da bunu davam etdirəcəyik”. Türkiyə müdafiə naziri Yaşar Gülər ​də ​dünən axşam saatlarında amerikalı həmkarı Lloyd Ostinlə telefon danışığı aparıb. Nazirlər ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. Qeyd edək ki, TUSAŞ aerokosmik mərkəzinə edilən terror aktı Türkiyədə ciddi narahatlığa səbəb olub. MHP sədri Dövlət Baxçalının PKK ilə bağlı açıqlamasından sonra belə bir teraktın olması da mülahizələrə yol açıb. Türkiyə ordusu terakta cavab olaraq İraq və Suriyanın şimalında hərbi əməliyyatlara başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dövlət Baxçalının uzun müddətdir davam edən kürd probleminin həlli ilə bağlı təşəbbüsünü dəstəkləyib. Ərdoğan bunu ilk dəfə olaraq “tarixi fürsət pəncərəsi” adlandırıb. Xatırladaq ki, Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı terror təşkilatının başçısı Abdullah Öcalanı parlamentdə çıxış etməyə çağırıb və elan edib ki, “Terror bitdi, PKK dağıldı”. Əvvəllər PKK ilə zərrə qədər dialoq imkanlarına imkan verməyən siyasətçinin bu təşəbbüsü cəmiyyətdə rezonans doğurub.


 Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru Telman Nüsrətoğlu "Sherg.az”a deyib ki, Türkiyənin regional və qlobal güc mərkəzi olmasını istəməyən imperialist dairələr PKK-nı himayə edərək, teraktlar təşkil edərək Türkiyənin enerjisini tükətməyə çalışırlar: 

"Türkiyəyə qarşı Yaxın Şərqdə terror dövləti qurmağa səy göstərirlər. Kürd kartından istifadə edirlər. Nəzərə alaq ki, Türkiyə terrorla mübarizəyə 10 milyard dollarlarla vəsait ayırır ki, bu da digər sahələrə həm iqtisadi baxımdan, həm də siyasi-mənəvi cəhətdən öz təsirini göstərir. Yəni terror ciddi bir problem olaraq meydandadır. Əlbəttə, PKK-nın bunun bənzəri kimi qurulan YPG, PYD kimi təşkilatların arxasında ABŞ və başqa qlobal güclər dayanır. NATO-da Türkiyə ilə müttəfiq olan qüvvələr dayanır. Yaxın Şərqdə kürd kartından öz imperialist maraqları üçün istifadə edən İsrail, Rusiya kimi başqa qüvvələr də mövcuddur. Ancaq Türkiyə bu məsələni bitirməyə çalışır. Yüksək texnoloji silahlar məsələsində Türkiyənin əldə etdiyi uğurlar qardaş ölkəyə imkan verir k, terror bəlasını birdəfəlik bitirsin. Türkiyənin həm Qərb cinahında, həm də Şərq aləmində geosiyasi əhəmiyyətinin artması, terroru himayə edən dövlətlərin Türkiyə ilə əməkdaşlığa ehtiyac duyması, Ankaranın terror məsələsini danışıqlarda əsas şərt olaraq ortaya qoymasını zəruri edir. Təsadüfi deyil ki, cənab Baxçalı, yəni dövlətin reflekslərini təmsil edən, türk milliyətçiliyinin lideri sayılan bir şəxsin bu məsələnin sonunun gəlməsi və A.Öcalanla bağlı siyasi gündəmi zəlzələ kimi sarsıdan açıqlama verdi. Bu açıqlamanın çox dərin istiqamətləri, hədəfləri var".

 Alim bəyan edib ki, Yaxın Şərqdə yeni burulğan yaxınlaşarkən, imperialist qüvvələr kürd kartından istifadə etməyə çalışarkən Türkiyənin gələcəyinin müəyyənləşməsində önəmli yerə sahib bir liderin dilindən belə bir açıqlamanın səsləndirilməsi, türk-kürd qardaşlığı ilə bağlı bəyan edilən fikirlər araya nifaq soxmağa çalışanlara qarşı birlikdə mübarizəyə çağırışdır:
 "Əgər hansısa iqtisadi və sosial problemlər varsa, onları da birlikdə siyasi müstəviyə daşıyaraq çözmək lazımdır. Əslində, kürd kimliyi ilə bağlı Türkiyədə problem olmayıb. Türkiyədə hazırda kürd kökənli nazirlər çalışır. Türkiyədə kürdlərin özlərini ən rahat hiss etdikləri bölgələr Qərb bölgələridir. Türk millətinin xoşgörüsü, böyük mədəniyyətə sahib olması da burada mühüm rol oynayır. Baxçalı mövcud təhlükələri, Türkiyənin güclənməsini istəməyən terror layihəsini neytrallaşdırmaq üçün çoxyönlü bir həmlə etdi. Terroru himayə edənlər isə dərhal ona cavab verdilər. Təbii ki, Türkiyə heç zaman bu cür təhdidlərə boyun əyməyəcək".