ABŞ xalqı seçim qarşısındadır
Son 8 ilin müqayisəsi respublikaçıların Azərbaycan maraqlarına daha uyğun olduğunu deməyə əsas verir
ABŞ prezidentliyi uğrunda mübarizə aparan respublikaçı Donald Tramp və demokrat Kamala Harrisin reytinqi açıqlanıb. NBC-nin keçirdiyi son sorğuda namizədlərin eyni səs aldıqları üzə çıxıb. Tramp kişilər arasında daha populyardır – 58 faiz onu dəstəkləyir, cəmi 40 faiz Harrisə səs verəcəyini bildirib. Qadınlar arasında isə Harris 57 faiz, Tramp 41faiz səs toplayıb. Qaradərili seçicilər böyük çoxluqla Harrisin tərəfindədir – 87 faiz, Tramp isə qaradərililərin cəmi 9 faizdən müsbət cavab alıb. Harris həmçinin 30 yaşdan kiçik seçicilər və ağdərili kollec təhsilli seçicilər arasında Trampdan öndədir. Qeyd edək ki, ABŞ-də prezident seçkisi 5 noyabrda keçiriləcək.
Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, ABŞ prezidentinin kim olması xarici siyasətdə ABŞ maraqlarının təmin edilməsi prioritetini dəyişdirmir, fərq hansı metodlardan istifadə edilməsi və hansı tərəflərlə işləməkdədir. Ekspertin sözlərinə görə, bu kontekstdə Azərbaycan üçün Tramp və Harrisin – respublikaçılarla demokratların yanaşması əsasdır. Xüsusilə Ermənistana və erməni diasporu/lobbisinə olan münasibət fonunda:
"Məsələyə iki aspektdən yanaşmaq olar. Birincisi, tarixi xronologiyaya istinad edilməlidir. XX əsrin əvvəlində ortaya atılan “böyük Ermənistan” xülyası Vudro Vilsonun “yeni dünya xəritəsi” ilə “rəsmiləşmişdi”. Paris Sülh Konfransında Topçubaşovun AXC-nin tanınması istəyini rədd edən Vilson xəritəsində də Azərbaycana yer ayırmamışdı. Bu, dövrün yeni qurulan geosiyasi şərtlərində ABŞ-nin planı olsa da, Vilsonun demokrat olması mənfi detal kimi tarixə həkk olunub. 70 il sonra Azərbaycan yenidən müstəqil olanda məlum “907-ci düzəliş” respublikaçıların dövründə qəbul edilib, hərçənd, Konqresdə demokratların – dövlət katibi olmuş Con Kerrinin və hazırkı prezident Co Baydenin xüsusi fəallığı da unudulmamalıdır. 1997-ci ildə Heydər Əliyevin ABŞ-yə səfəri Bakı-Vaşinqton münasibətlərində müsbət dönüş yaratdı. Həmin vaxt Ağ Evdə demokratlar sahiblik edirdi, lakin Heydər Əliyevin respublikaçı Buşla səmimi görüşü, hətta evində qonaq olması da maraqlı məqam idi. Həmin illər beynəlxalq müstəvidə Qarabağ məsələsi ətrafında balansın Azərbaycanın xeyrinə dəyişməyə başlandığı dövr kimi qiymətləndirilir. Ermənistanın keçmiş Prezidenti Levon Ter-Petrosyan iddia edir ki, balansın dəyişməsi Texas lobbisinin dəstəyi ilə mümkün oldu. Respublikaçıların üstünlük təşkil etdiyi Texas amili maraqlı detaldır. Respublikaçı (oğul) Buşun prezidentliyi dövründə Bakı-Vaşinqton münasibətləri kifayət qədər müsbət olub. Burada 2001-ci ildən sonra ABŞ-nin “terror təhlükəsi”nə qarşı başladığı şərq ekspedisiyası həlledici amil olsa da, yuxarıda qeyd etdiyimiz kimi, Vaşinqtonun xarici maraqlarının həyata keçirilməsində Azərbaycanla əməkdaşlıq xəttini seçdiyi faktdır. Demokrat Obamanın dövründə Bakı-Vaşinqton münasibətlərində “soyuq küləklər” daha çox müşahidə edilib. Bu, müəyyən mənada başı “ərəb baharına” qarışan Obama Administrasiyasının Cənubi Qafqaza daha az diqqət ayırmasından da qaynaqlanırdı".
Analitikin sözlərinə görə, Azərbaycan-ABŞ münasibətlərinin, yaxud Vaşinqtondan Bakıya olan yanaşmanın tamamilə “respublikaçı-demokrat” seçimi üzərindən etmək doğru olmasa belə, erməni lobbisinin aktiv üzvləri arasında respublikaçılar da yer alır:
"Tarixi xronologiya bizim maraqlarımız baxımından respublikaçıların müsbət obrazını önə çıxarır. Trampın Qarabağdan gedən ermənilərlə bağlı “120 min xristian dəhşətli şəkildə təqib edilib” açıqlaması bu obrazla bağlı fikirləri qarışdırdı, hərçənd, bunun daha çox seçki mübarizəsinin elementi olduğu aydın görünür. Bu, həm ABŞ-də əsasən demokratların namizədini dəstəkləyən erməni icmasının səsinə “elçi” düşmək, həm də Harrisin səslərini azaltmaq üçün xristianlıq kartından istifadə etməyə hesablanıb. Trampın seçiləcəyi təqdirdə, erməni maraqlarını prioritet tutacağını isə demək çətindir. 2017-2021-ci illərdə - Trampın prezidentliyi dövründə ABŞ-də erməni diasporu/lobbisinin çətin vəziyyətə düşməsi də bu fikri gücləndirir. 2017-ci ildə erməni diasporu Trampın qəbuluna düşməkdə ciddi çətinliklə üzləşmişdi, hətta həmin vaxt Ermənistan Prezidenti olan Serj Sarkisyanın zənglərinə də Ağ Evdə cavab verilmədiyi haqda məlumatlar vardı".
A.Nərimanlı qeyd edib ki, D.Trampın gəlişindən dərhal sonra “Qarabağdakı separatçılara” minatəmizləmə adı altında ayrılan maliyyə ilə bağlı tədqiqat başlanılmışdı:
"Daha sonra separatçılara ayrılan maliyyə vəsaitinin ixtisar edilməsi haqda qərar qəbul olundu. Seçki mübarizəsində erməni diasporunun Trampa qarşı çıxması da bundan qaynaqlanır. Trampın prezidentliyi dövründə Azərbaycanla münasibətlər normal məcrada davam etdiyi halda Baydenin gəlişindən sonra dalğalı oldu, xüsusilə Xankəndidə separatizmin ləğvinə aparan proses və antiterror tədbirləri zamanı demokratların erməni maraqlarının müdafiəsi məqsədilə Azərbaycana hücumları fonunda. Ağ Evdə mövcud administrasiyanın Cənubi Qafqazda Ermənistanı platforma kimi görməsi də maraqlarının təmin edilməsində hansı tərəfi seçdiyinin nümunəsidir. Ağ Evdə “əl dəyişərsə”, bu, Vaşinqtonun regional siyasətinin tamamilə dəyişməsi ilə nəticələnməsə belə, tarixi xronologiya və son 8 ilin müqayisəsi respublikaçıların Azərbaycan maraqlarına daha uyğun olduğunu deməyə əsas verir".