TDT-də yenilik: Afrika İttifaqı ilə əməkdaşlıq, Əfqanıstana birgə yanaşma

Bu gün Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının Bişkekdə XI Zirvə görüşü keçirilib.

Toplantılarında regional və qlobal əməkdaşlığın, təhlükəsizliyin təmin olunması istiqamətində mühüm qərarlar qəbul edilən TDT bu dəfə də ənənəsinə sadiq qalıb. İclasda TDT və Afrika İttifaqı arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair qərar qəbul edilib.

Əldə edilən razılaşmaya əsasən, bu, regional qarşılıqlı fəaliyyət üçün möhkəm təməl rolunu oynayacaq. Təşkilatlar arasında Birgə zirvə toplantısının çağırılması istiqamətində də fəaliyyət göstərilməsi üçün uyğun tədbirlərin görülməsi üzrə tapşırıqlar verilib.

Bu, türk dünyası ilə Afrika arasında əməkdaşlığın güclənməsi və genişlənməsi istiqamətində mühüm addım sayıla bilər.

Belə bir addım TDT-nin beynəlxalq təşkilatla əlaqələr baxımından əhəmiyyətli sayıla bilər. Çünki Afrika İttifaqı da müəyyən mənada məhdud fəaliyyətlə məşğul olur.

Afrika İttifaqı 2002-ci il iyulun 9-da yaradılıb. Quruma Afrikanın 55 ölkəsi daxildir. Bu həm də Afrika Birliyi Təşkilatının hüquqi varisidir. 2011-ci ilin yanvarında Azərbaycana ittifaqda müşahidəçi statusu verilib.