Yəni Rusiya kimi Ermənistanı pulsuz, parasız silahlandırmaq niyyətində deyil
Məlum olduğu kimi Hindistan "Akaş" (Akash) zenit raket kompleksinin ilk batareyasını Ermənistana göndərib. “Akaş” sistemləri yer-hava tipli raketlərə sahibdir. O, təyyarələr, raketlər, hava-torpaq tipli raketləri, eləcə də PUA-ları 25 kilometrə qədər məsafədə məhv etmək gücündədir. İrəvan Hindistandan "Su-30MKI" qırıcısı və xüsusi silah sistemləri almaq üçün də danışıqlara başlayıb. Məlumata görə, İrəvan Hindistandan 8-12 ədəd qırıcı təyyarəsi alacaq. Məlumatda qeyd olunub ki, hazırda Ermənistanın qırıcı parkı 2019-cu ilin yazında əldə edilmiş dörd "Su-30SM Flanker-C" və təxminən on beş köhnə "Su-25K"dən ibarətdir. Xatırladaq ki, Ermənistan Rusiyadan "Su-30SM" qırıcısı sifariş etsə də, bu təyyarələr beş ildir İrəvana təhvil verilməyib. Ona görə də Rusiyadan əli üzülən İrəvan indi də Hindistana üz tutub. Görünən odur ki, Fransa, ABŞ kimi Hindistan da Ermənistanı silahlandırmaqda davam edir.
Politoloq Fuad Abbasov "Sherg.az"a bildirib ki, Hindistanın Ermənistanı silahlandırmada canfəşanlığı Pakistanla əlaqədardır. Ekspert vurğulayıb ki, Pakistan 44 günlük Vətən müharibəsinin ta əvvəlindən, hətta müharibədən öncə Azərbaycanın yaxın müttəfiqi kimi çıxış edirdi:
"Siyasi, iqtisadi və hərbi cəhətdən Azərbaycana hərtərəfli dəstək göstərirdi. Belə olduğu təqdirdə Pakistanın əzəli rəqibi olan Hindistan Azərbaycanın düşməni olan Ermənistana dəstək göstərməyi özünə borc bilir. Dubayda COP28 keçirilərkən Hindistanın rəhbəri də orada səfərdə idi və aktiv iştirakçı kimi görüşlərə, müzakirələrə qatılmışdı. Amma Hindistan rəhbərliyi Azərbaycana gəlməkdən imtina etdi. Bunun başlıca səbəbi Azərbaycanda Pakistan liderinin səfərdə olmasıdır. Əlbəttə ki, Hindistanın Azərbaycana birbaşa qərəzi yoxdur. Sadəcə olaraq Pakistanın Azərbaycanın yanında olduğunu nəzərə alaraq fürsətdən istifadə edərək düşmənimiz Ermənistana açıq dəstəyini ifadə edir".
Analitik bəyan edib ki, digər tərəfdən Hindistan öz hərbi sənayesini inkişaf və reklam etdirmək üçün bu cür addımlara əl atır:
"Ola bilsin, ermənilərə silah-sursat kreditlə, yaxud başqa üsulla verilir, satılır, amma Hindistan pulunu saymağı çox yaxşı bilir. Yəni Hindistan Rusiya kimi Ermənistanı pulsuz, parasız silahlandırmaq niyyətində deyil. Fikrimcə, Hindistan Ermənistan üzərindən öz silahlarını tanıdır və xarici bazarlara yol axtarır".