3 paytaxt arasında aparılan məxfi danışıqların nəticəsi ortaya çıxdı
Ukraynaya Rusiya ərazisinə taktiki ballistik raketlərlə zərbələr endirməyə icazə verməsi yeni seçilmiş prezidentin planlarını pozur
ABŞ Prezidenti Co Bayden Ukraynaya Rusiyanın dərinliklərinə uzaqmənzilli silahlardan atəş açmağa icazə verib. ABŞ Dövlət katibinin Qərb yarımkürəsi məsələləri üzrə köməkçisi Brayan Nikols deyib ki, müharibə Rusiyanın Ukraynanı işğalı ilə başlayıb. Onun sözlərinə görə, Rusiya qoşunlarını Ukraynadan çıxarsa və bu ölkənin sərhədlərinə hörmət etsə, münaqişə elə indi başa çata bilər: "Həmişə belə olub. Prezident Baydenin icazə verdiyi silahlar Kiyevə özünü müdafiə etmək üçün daha çox imkan verəcək. Ümid edirik ki, bu, Rusiyaya Ukrayna ərazisini ələ keçirmək üçün gücdən istifadənin uğurlu olmayacağını anlamağa yardım edəcək və bəlkə də, sülh danışıqlarına başlayacaq. Ən yaxşısı isə Ukrayna ərazisini sadəcə tərk edəcək" . NATO-nun Baş katibi Mark Rutte deyib ki, hərbi alyans ölkələri Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün silah istifadəsinə qoyulan məhdudiyyətləri götürüb-götürməmək barədə müstəqil qərar qəbul edir: "Müttəfiqlər nə edəcəyinə özləri qərar verə bilərlər. Müttəfiqlərin nə etməli olduğunu deməyəcəyəm". Rutte həmçinin qeyd edib ki, AB müdafiə nazirlərinin görüşündə Ukraynaya yardımın artırılması məsələsi müzakirə olunacaq: "Biz Ukraynaya qalib gəlməyə necə kömək edə biləcəyimizi müzakirə edəcəyik: daha çox kömək, daha çox pul". Məlum olduğu kimi, Ukrayna Müdafiə Qüvvələri ilk dəfə olaraq Rusiya ərazisinə ATACMS ballistik raketləri ilə hücum edib. Bildirilib ki, Ukrayna qoşunları Bryansk vilayətinin Karaçev şəhəri yaxınlığındakı hərbi obyekti vurub. Hədəf uğurla məhv edilib. Karaçev Rusiyanın Bryansk şəhəri yaxınlığında və Ukrayna sərhədindən təxminən 130 km aralıda yerləşir.
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, ABŞ Prezidenti Cozef Baydenin Ukraynaya Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verməsinin ardınca Böyük Britaniya və Fransanın da oxşar qərar verməsi 3 paytaxt arasında aparılan məxfi danışıqların nəticəsidir. Ekspertin sözlərinə görə, London və Paris bu məsələylə bağlı Vaşinqtonun qərarını gözləyirdilər:
"Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydendən bu qərarı aylardır gözləyirdi. Bayden son ana qədər məsələni uzadırdı. Vitse-Prezident Kamala Harris prezident seçilsəydi, Ukraynaya Rusiya ərazisinə uzaq mənzilli zərbələr endirməsi qərarını o verməli olacaqdı. Harrisin məğlubiyyəti Baydenin planını pozdu. Belə olan halda Bayden prezident seçilən Donald Trampa son “pisliyini” etdi. Tramp Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün plan hazırlayıb. O, yanvarın 20-də andiçmə mərasimindən sonra planını işə salacaqdı. Andiçmə mərasiminə hələ iki ay var, Ukrayna bu müddətdə Baydendən aldığı icazə müqabilində Rusiyanın içərilərindəki hərbi mərkəzlərə uzaqmənzilli raketlərlə zərbələr endirəcək. Tramp andiçmə mərasimindən sonra Kiyevə uzaqmənzilli raketlərlə zərbələr endirməsini qadağan etsə, bu, Ukraynanın Rusiya qarşısında zəif düşməsinə şərait yaradacaq və buna görə Amerikada Trampa qarşı ittihamlar artacaq. Vəzifəsini təhvil verməyə hazırlaşan Co Baydenə və Demokratlar Partiyasına da elə bu lazımdır".