Gürcüstanda seçkisonrakı gərginlik hələ başa çatmayıb -RƏY

Qarşıdurma açıq müstəviyə keçəcək


  Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin Konstitusiya Məhkəməsinə müraciət edərək seçki ilə bağlı iddia qaldıracaq. Gürcüstan mətbuatının yaydığı məlumata görə, Zurabişvili Konstitusiya Məhkəməsində iki konstitusiya prinsipinin pozulması ilə bağlı iddia qaldıracaq.
  Söhbətin səsvermənin gizliliyi və universallıqdan getdiyini vurğulayan Zurabişvili bildirib ki, o, ölkənin Mərkəzi Seçki Komissiyasının “Gürcü arzusu” Partiyasının qalib gəldiyi parlament seçkilərinin nəticələri ilə bağlı yekun məlumatlarını tanımır. O, həmçinin “böhrandan çıxmaq üçün” yeni parlament seçkilərinin təyin edilməsini təklif edib.
  

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov isə "Sherg.az"a açıqlamasında deyib ki, Gürcüstanda hadisələr günü-gündən gərginləşir: 
“Gürcüstanda baş verən proseslər və qərbin müdaxiləsi  ondan xəbər verir ki, qərb institutları və bəzi qərb ölkələri öz missiya və ambisiyalarından xoşluqla əl çəkmək niyyətində deyillər. Gürcüstanı Cənubi Qafqaza giriş qapısı hesab etdiklərindən məqsədlərinə nail olmaq  üçün hər yola əl atırlar. Gürcüstan Prezidenti Salome Zurabişvili birmənalı olaraq qərbyönümlü olduğunu və qərb institutları ilə sıx əlaqədə olduğunu açıq şəkildə bürüzə verir və hazırkı “Gürcü arzusu” Partiyası ilə açıq qarşıdurmaya gedir.
“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbulu, LGBT təbliğatının, eynicinsli nikahların, qeyri-heteroseksual insanlar tərəfindən uşaqların övladlığa götürülməsinin, həmçinin cinsiyyət dəyişdirmə üzrə tibbi manipulyasiyaların qadağan edilməsini nəzərdə tutan qanun layihələrinin müzakirəsi zamanı verdiyi açıqlamalar,  bu layihələr qəbul edildiyi zaman qanuna veto qoyması,  parlament seçkiləri ərəfəsində keçirilən etiraz aksiyalarında  iştirakı, səsləndirdiyi bəyanatlar, hökumətlə konfrantasiyaya getməsi göstərir ki,  o, qərb dövlətləri ilə eyni cəbhədə “savaşır”.  Yəni “Gürcü arzusu” Partiyasının üstünlük təşkil etdiyi parlamentdə qəbul edilən bütün qanunları imzalamaqdan imtina edən Zurabişvili, prosesin bu səviyyəyə gəlib çıxmasında az rol oynamayıb. O, hər vəchlə Gürcüstanın Qərbin orbitində qalmasına çalışır. 

  X.Bəşirovun sözlərinə görə, seçkilərdə qalib gələn müxalif deputatların mandatdan imtina  etməsi parlamentin tam formalaşmaması, yetərsay olmamasına hesablanıb ki, seçki yenidən keçirilsin
“Görünür, Gürcüstanda qərbyönümlü müxalifətlə, hakim partiya  “Gürcü arzusu” və ona yaxın olan qüvvələr arasındakı mübarizə daha da alovlanacaq. Hələ ki, hər iki tərəf proseslərin onların xeyrinə cərəyan edəcəyini düşündüyü üçün bir o qədər də sərt addımlar atmır.  Hadisələrin hansısa birinin arzularının reallaşmayacağı istiqamətə yönəldiyini müşahidə edəndə tərəflər arasındakı qarşıdurma açıq müstəviyə keçəcək. Ona görə də bu gün Gürcüstanda baş verən proseslər hər iki tərəf üçün ölüm-dirim məsələsi hesab olunur. Abxaziyada baş verən etiraz aksiyaları da qərbin Gürcüstanı itirməmək üçün nə dərəcə israrlı olduğunu göstərir”.