İran uranın zənginləşdirilməsində maraqlıdır
Trampin prezident seçilməsi İranla "Altılıq ölkələri" arasında mümkün danışıqlar prosesinin yenidən başlanmasının üstündən xətt çəkdi
“İran uranın zənginləşdirilməsi üçün yeni sentrifuqaları istifadəyə verib. Bu nüvə silahının əldə edilməsi istiqamətində yeni imkanlar yaradır. Buna səbəb AEBA-nın İdarə Heyətinin iclasında İrana qarşı qəbul edilən qətnaməyə cavab kimi dəyərləndirir”.
Bu barədə “Sherg.az”a açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə məlumat verib.
Ekspertin sözlərinə görə, AEBA İranı agentliklə əməkdaşlıqdan yayındığına görə tənqid edən qətnamə qəbul edib. O bildirib ki, ötən həftə MAQATE rəhbəri İranda oldu və danışıqlar apardı:
“Aparılan danışıqlara rəğmən İran uranın zənginləşdirilməsində və nüvə silahı əldə etməkdə maraqlıdır. Anti-İran mövqeyi ilə seçilən D.Trampin prezident seçilməsi İranla "Altılıq ölkələri" arasında mümkün danışıqlar prosesinin yenidən başlanmasının üstündən xətt çəkdi.
Ümumiyyətlə, ABŞ-ın yeni administrasiyası İranla bu kontekstdə heç bir danışıqlar aparmayacaq. Bundan əlavə, Vaşinqton İrana qarşı hərbi təzyiqləri artıra bilər. Ona görə də İran rəhbərliyi çəkindirici amil kimi nüvə silahının yaradılmasında maraqlıdır. Təbii ki, İranın nüvə silahı əldə etməsi, heç də onu istifadə edəcəyinə və çəkindirici bir alət olmasına gətirib çıxarmayacaq. İrana qarşı sanksiyaların daha genişlənməsinə gətirib çıxaracaq.
İsrailin əlində nüvə silahı olmasına baxmayaraq İranın ballistik raket zərbələrinə qarşılıq İrana nüvə silahı tətbiq etmir. Məhz İran nüvə silahı əldə edərsə, ona qarşı hərbi və iqtisadi təzyiqlərə son qoymayacaq. İranın bu siyasətindən sonra, Türkiyə və Səudiyyə Ərəbistanı da eyni analoji addım ata bilər -nüvə silahı əldə etməsi üçün mümkündür”.