İsrail və Hizbullahın toparlanmasına ehtiyac var: Atəşkəs "kövrək" razılaşmadır

İsrail ordusunun sözçüsü Daniel Haqari deyib ki, Hizbullah İranın etibarlı qüvvəsidir və İslam Respublikası onu gücləndirmək üçün çoxlu maliyyə, silah və insan resursları yatırıb. Daniel Haqarinin sözlərinə görə, İran İsrailin sərhədlərinə yaxın ərazidə strateji sərvətini itirib.

Politoloq Natiq Miri "Sherg.az"a bildirib ki, Hizbullah İranın proksi qüvvələridir:

"Sözügedən proksi qüvvələr hər zaman İsrailə qarşı təzyiq mexanizmi kimi istifadə olunur. İran bunu uzun yardım və maliyyələr kontekstində həll edib. Ancaq indiki vəziyyətdə Hizbullah başsızlaşdırılıb. Yani onun bütün rəhbərliyi və komandanlığı qısa müddətdə İsrailin xüsusi xidmət orqanları vasitəsilə aradan götürüldü. Bununla da Hizbullahın potensialına çox ciddi zərbə vuruldu. Razılaşdırılan təşkəs razılaşması isə Hizbullah yaraqlılarının sərhəddən çıxarılmasına xidmət edir. Hizbullahın yerləşdiyi mövqeləri artıq 5 minlik Livan ordusu əvəz edəcək. Əgər Hizbullah bu razılaşmanı pozarsa, yaxud hansısa atəşkəs pozulması olarsa, İsrail yenidən hərbi əməliyyatları başladacağını bildirib".

Politoloqun sözlərinə görə, razılaşmanın pozulması an məsələsi olsa da, Donald Trampın qərarı xüsusi rol oynayacaq: 
"Çünki atəşkəsdən razı olmayan qüvvələr var. Bu kontekstdə bölgədə hərbi təxribatlar yaratmaq o qədər də problem deyil. Ona görə də mən atəşkəsi "kövrək" razılaşma adlandırardım. Ancaq indiki vəziyyətdə hər iki tərəfin - həm İsrailin, həm də Hizbullahın toparlanmasına ehtiyac var. Həmçinin İsrailin itkiləri çoxdur və raket bazası da xeyli məhdudlaşıb. Bu mənada hücum potensialının imkanlarının yenidən əvvəlki səviyyəyə gətirilməsi üçün indiki fasilə olmazsa olmazdır. Sözügedən fasilədən Netanyahu hökuməti həm də özlərinin gələcək planlarını qurmaq üçün istifadə edəcək. Çünki perspektivdə Netanyahunun yaxın dostu hesab olunan Donald Trampın yanvarın 20-sində andiçməsi olacaq. Tramp Baydendən fərqli olaraq hər zaman Netanyahu və İsraili dəstəkləyib və İrana qarşı çıxıb. Ümumiyyətlə Tramp gedər ayaqda olan Bayden hakimiyyətini yola salarkən onlara müəyyən siyasi dividentlər verməklə həm könüllərini xoş etdi, həm İsrailin toparlanması üçün zaman yaratdı, həm də bu zaman çərçivəsində hakimiyyətin dəyişməsi ilə yeni bir strateji müəyyənləşdirmək üçün hazırlıqlar görəcək. Digər tərəfdən Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahunun həbsi ilə bağlı orderi var. Buna görə də Netanyahunun üstündə müəyyən bir basqı hiss olunur. Bu konteksdə İsrail baş nazirinin Trampla məsləhətləşməyə və onun yardımına ehtiyac var. İran isə Hizbullahı ona görə İsrail sərhəddində yaradıb ki, İsrailə hər zaman zərbə vurmaq, təzyiq etmək imkanı olsun. Buna görə də İranın bu siyasətdən vaz keçəcəyini düşünmək doğru deyil".

Şərhçi sonda əlavə edib ki, İran yenə də Livanda dominant güc olmağı və Hizbullahı dəstəkləməyi dayandırmayacaq. 

Aynur Babayeva