NATO böyük ehtimalla bu dəfə də Ukraynanın alyansa üzvlüyünə dair çağırışları qulaqardına vuracaq.
APA-nın məlumatına görə, bu barədə “Reuters“ə qurumdakı adının çəkilməsini istəməyən diplomat bildirib.
Agentliyin məqaləsində vurğulanır ki, bununla alyans ABŞ-də Donald Trampın hakimiyyətə qayıtmasını gözləyən rəsmi Kiyevin ümidlərini puça çıxaracaq.
Yazıda həmçinin Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın NATO sammitindən öncə alyansdakı tərəfdaşlara yazdığı məktuba toxunulur.
Belə ki, A. Sibiqa məktubunda ölkəsinin NATO-ya qəbul edilməsinin Rusiyanın buna əngəl olmaqla bağlı planlarını puça çıxaracağını yazıb.
Məqalə müəllifi NATO-ya 32 üzv dövlət arasında bu məsələdə yekdil fikrin olmamasına da diqqət çəkib və bunun üçün aylarla vaxt tələb olunduğunu yazıb.
Bu arada, ABŞ Dövlət Departamentinin adının çəkilməsini istəməyən əməkdaşı isə bildirir ki, alyansın sammitində əsas diqqət Ukraynaya maliyyə və hərbi dəstəyin artırılmasına yönələcək.
Ukrayna NATO-ya üzv olmaq məsələsinə təhlükəsizliyə təminat kimi yanaşır. Belə ki, Şimali Atlantika Müqaviləsinin 5-ci bəndinə əsasən, üzv ölkələrdən birinə hücum birbaşa alyansa yönələn həml kimi dəyərləndirilir və digər dövlətlərin üzərinə hərbi təcavüzə məruz qalan dövlətə hərbi və digər xarakterli dəstək göstərilməsi barədə öhdəlik qoyur.
Bu arada, NATO rəhbərliyi Ukraynanın alyansa üzv olacağını açıqlasa da, dəqiq tarixlə bağlı hər hansı informasiya verilməyib.
Siyasi müşahidəçilər bu məsələnin reallaşıb-reallaşmayacağının yalnız Donald Tramp Ağ Evin rəhbəri postuna geri döndükdən sonra dəqiqləşəcəyini bildirirlər.
Bu yerdə müəllif bir müddət əvvəl D. Trampın ölkəsinin Ukraynaya dəstəyini sərt tənqid etdiyini və hakimiyyətə gəldikdən bir gün sonra müharibəni dayandıracağı barədə fikirlərini xatırladır.
O yazır ki, bir müddət sonra yenidən ABŞ prezidenti kimi fəaliyyətə başlayacaq Donald Tramp buna necə nail olacağını açıqlamayıb.