"Bəşər Əsədin geri qayıtmaq imkanı yoxdur. Çünki Bəşər Əsəd öz legitimliyini Suriya xalqı qarşısında çoxdan itirib. Eyni zamanda devrilmiş prezidentin və yaxud hansısa yaxınının hakimiyyətə gəlmək ehtimalı da yoxdur”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib.
O söyləyib ki, Bəşər Əsəd və oğlanlarından birinin yaxın prespektivdə Suriyada hakimiyyətə gəlməsi heç müzakirə mövzusu belə deyil:
“Məsələn, Liviyada Müəmmər Qəddafi hakimiyyətdən devrildikdən sonra bəzi güclər onun oğlu Seyf əl-İslam Qəddafini hakimiyyətə gətirmək istəsələr də bu baş tutmadı. Suriyada isə müxalifət fərdi qruplardan formalaşıb. Əsədin devrilməsindən böyük rol oynayan radikal islamçı Təhrir əş-Şam qruplaşması mövcuddur. Həmçinin Qərb və Türkiyə tərəfindən dəstəklənən azad Suriya ordusu olan liberal müxalifət var. Digər tərəfdən isə Türkiyənin nifrət etdiyi, Qərb və İsrailin dəstəklədiyi PYD/YPG qruplaşmalarının adlarını çəkə bilərik. Bütün bu qrupların əsas məqsədi Bəşər Əsədi hakimiyyətdən devirmək idi və istəklərini yerinə yetirdilər”.
Ekspert qeyd edib ki, indi isə hər bir qruplaşmanın öz məqsədləri var:
“Bundan sonra Suriyada müvəqqəti hakimiyyət qurulmalı və 18 ay müddətinə ölkənin yeni konstitusiyası yaradılmalıdır. Liberal qanad bölgədə liberal dövlətin qurulmasını arzulayır. Təhrir əş-Şam isə daha çox islamçı dövlətin qurulmasından yanadır. Bütün bunların fonunda mübarizə gedəcək və silahlı toqquşma yaranacaq. ABŞ, Türkiyə, İsrail və İran Suriyada öz mövcudluqlarını qoruyub saxlamağa çalışacaqlar”.