Rusiya Yaxın Şərqdən, Cənubi Qafqazdan və Şərqi Avropadan çıxarılır
“Suriyada Türkiyənin geosiyasi qələbə əldə etməsi İsraili çətin vəziyyətlə üzləşdirdi”
İsrail tankları "bufer zona"nı keçib və Suriyanın cənubundakı Qatana qəsəbəsi yaxınlığına yerləşib. İsrail əsgərləri Dəməşqin kənarındakı bir neçə kəndə daxil olub. Baş nazir Netanyahu İsrailin Qolan təpələrində “əbədi olaraq” qalacağını bildirib. Qeyd edək ki, İsrail tanklarının girdiyi Qatana qəsəbəsi paytaxt Dəməşqin 21 km-də yerləşir. İsrail Dəməşqdə 8 dekabrdan bəri 250 hədəfə havadan zərbələr endirib. Hava zərbələrində Əsəd ordusuna aid hərbi bazalar, onlarla döyüş təyyarəsi, yer-hava raket sistemi, həmçinin silah istehsal yerləri və anbarlar hədəf alınıb. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, İsrailin Suriya ərazisinə girməsi müvəqqəti vəziyyətdir. Miller bildirib ki, hər bir ölkənin terror təşkilatlarına qarşı tədbir görmək hüququ var: "Suriya ordusu müzakirə mövzusu olan İsrail-Suriya "bufer zona"sı ətrafındakı mövqelərini tərk edib. Bu da İsraili və onun vətəndaşlarını potensial olaraq təhdid edən, terror təşkilatları tərəfindən doldurula biləcək bir boşluq yaratdı".
Siyasi şərhçi Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Suriyada Türkiyənin geosiyasi qələbə əldə etməsi, İsraili çətin vəziyyətlə üzləşdirdi. Ekspert vurğulayıb ki, İsrail Qolan təpələrini aşaraq vaxtı ilə Əsəd rejimi ilə imzalanmış və razılaşdırılmış "bufer zonaya" daxil olub:
"İsrail hərbi təyyarələri Dəməşqdə hərbi hissələri raketlərlə hədəfə alıb. Məqsəd müxalifətin güclənməsinin qarşısını almaqdır. HTŞ və Azad Suriya Ordusu İsraildən Qolan təpələrindən çıxmağı tələb edir. İsrail "bufer zona"ya daxil olmasını müqavilənin qüvvədən düşməsi ilə əsaslandırır. Suriya müxalifəti də Əsəd getdiyi üçün və yeni nizama uyğun olaraq İsrailin Qolan təpələrindən çıxmasını tələb edir. Türkiyə İsrailə Fələstin dövlətini tanıması üçün təzyiqlər etməyə başlayacaq. Yaxın Şərqdə Əsəd rejimi süqut etdi. İran və Rusiya regiondan çıxdı. Bir müddətdən sonra Livanda "Hizbullah" da suqut edəcək. Sabitliyin təmini üçün Fələstin dövlətinin tanınması Ankara üçün strateji önəm kəsb edir. İsrailin Suriyada "Heyəti Təhrir-Şam" və Azad Suriya Ordusu ilə savaşmaq imkanları məhduddur. İsrailin Suriyada Türkiyə ilə qarşı-qarşıya gəlməsi strateji məğlubiyyətinə gətirib çıxara bilər. Qolan təpələrindən çıxmazsa, HTŞ-nin hücumuna məruz qalar. Yaxın Şərqdə yeni nizam qurulur. Dünyanın yeni siyasi nizamında Rusiya Yaxın Şərqdən, Cənubi Qafqazdan və Şərqi Avropadan çıxarılır".