Dünyanın ən böyük aysberqi Atlantik okeanına doğru hərəkət edir

Dünyanın ən böyük aysberqi – "A23a" şimala doğru irəliləməkdə davam edir.

Bu barədə "BBC" xəbər verib.

Britaniyanın Antarktika Tədqiqatı Xidməti aysberqin tezliklə Atlantik okeanında peyda olacağını bildirib. Alimlər hesab edirlər ki, oradakı sular daha isti olduğundan, aysberqin daha kiçik parçalara parçalanma təhlükəsi var və nəticədə o, tamamilə əriyəcək.

Xatırladaq ki, "A23a" aysberqi 1986-cı ildə Antarktidadan qopub. O, şimala doğru getməyə başlasa da, tezliklə hərəkətini dayandıraraq yerində qalıb. 2000-ci ildə "A23a" hərəkətinə davam edib, lakin burulğana düşərək yerində fırlanıb. 2023-cü ilin payızında aysberqin saya oturduğu yerdən "canını qurtardığı" və Antarktika sularından kənarlaşdığı məlum olub.

Qeyd edək ki, "A23a"nın sahəsi, təxminən dörd min kvadrat kilometrdir ki, bu da Nyu Yorkdan üç dəfə böyükdür. Aysberqin qalınlığı 400 metrdir. Bundan əvvəl qlobal istiləşmə səbəbindən bəşəriyyəti beş geri dönməz fəlakətin gözlədiyi barədə məlumat verilmişdi.