Suriyada hərbi cinayətlər araşdırılır: “Əsədin ölüm maşını”


 Suriyada hərbi cinayətlərlə bağlı araşdırmalar davam edir. 
Sherg.az xəbər verir ki, Beynəlxalq Müharibə Cinayətləri Prokuroru Stiven Rapp deyib ki, Suriyadakı kütləvi məzarlıqlardan dəlillər devrilmiş lider Bəşər Əsədin hakimiyyəti dövründə dövlətin idarə etdiyi “ölüm maşını”nı ortaya çıxarıb.

Prokuror 2013-cü ildən bəri 100 mindən çox insanın işgəncələrə məruz qaldığını və öldürüldüyünü təxmin edir.

Dəməşq yaxınlığındakı iki kütləvi məzarlığı ziyarət edən Rapp, "Bu maşında yoxa çıxan və işgəncə ilə öldürülən 100 mindən çox insanımız var" deyir. 

Ruanda və Sierra Leone müharibə cinayətləri məhkəmələrində təqiblərə rəhbərlik edən Rapp, "Dövlət və onun agentlikləri tərəfindən bu cür mütəşəkkil qətllərdən danışdığınız zaman biz nasistlərdən bəri belə bir şey görməmişik" deyə vurğulayır.

İnsanları küçələrdən və evlərdən yoxa çıxaran gizli polislərdən, insanları aclıqdan və işgəncələrlə öldürən mühafizəçilərdən və müstəntiqlərə, cəsədlərini gizlədən yük maşını və buldozer sürücülərinə qədər minlərlə insan bu öldürmə sistemində işləyirdi.

Keçmiş hərbi bazadan və təcridxanalardan olan cəsədlərin basdırıldığı qəbiristanlığın yaxınlığında yaşayan suriyalılar cəsədlərin buldozerlərlə uzun xəndəklərə atılaraq soyuducu yük maşınlarında davamlı olaraq daşındığını təsvir ediblər.

"Reuters"-in təhlil etdiyi peyk görüntüləri ərazidə 2012-2014-cü illərdə genişmiqyaslı qazıntıların başladığını və 2022-ci ilə qədər davam etdiyini göstərir.

Həmin vaxt Maxar tərəfindən çəkilmiş çoxsaylı peyk şəkillərində qazma maşını və böyük xəndəklərlə birlikdə ərazidə üç və ya dörd böyük yük maşını görünür.