O, sadəcə olaraq ABŞ-dəki səhnəarxası siyasi dairələrin maraqlarına zidd fəaliyyətinə görə hədəfə alınıb
"SpaceX" şirkətinin ABŞ ordusu və kəşfiyyat agentlikləri üçün göyə buraxdığı yüklər barədə məlumatlar dövlət sirri hesab olunur. Bu cür məxfi informasiyalar yalnız xüsusi icazəsi olan seçilmiş əməkdaşlarla bölüşdürülür.
“The Wall Street Journal"ın iddiasına görə, "SpaceX"in qurucusu və baş direktoru İlon Mask həmin şəxslər siyahısına daxil deyil. Şirkətin hüquqşünasları rəhbərliyə Mask üçün yüksək təhlükəsizlik səviyyəsi əldə etməyə cəhd etməməyi tövsiyə ediblər. Çünki belə bir icazə veriləcəyi halda İlon Mask hökumətin xarici vətəndaşlarla əlaqələri və narkotik istifadəsi ilə bağlı suallarına cavab verməli olacaq. Hökumət həmçinin ehtiyat edir ki, Mask mütəmadi olaraq xarici rəsmilərlə, o cümlədən Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxladığı üçün məxfi məlumatları sızdıra bilər. WSJ daha əvvəl yazmışdı ki, Mask 2022-ci ildən bəri Putinlə müntəzəm əlaqə saxlayır. Buna baxmayaraq, ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp İlon Mask üçün çıxış imkanını dəyişə bilər. Trampın rəhbərliyi altında yaradılan "Hökumət Effektivliyi Departamenti" (DOGE) hökumətin restrukturizasiyası ilə məşğul olacaq. DOGE rəhbərlərindən biri də Maskdır. "SpaceX" artıq Mask və digər DOGE əməkdaşlarının məxfi məlumatları təhlükəsiz şəkildə incələyə biləcəyi xüsusi məkanların axtarışı ilə məşğuldur.
WSJ-nin məlumatına görə, hazırda Maskın icazəsi ona müəyyən milli təhlükəsizlik sirlərinə çıxış imkanı versə də, əksər məxfi proqramlara giriş üçün tələb olunan xüsusi icazəsi yoxdur. Bu, xüsusilə "Starshield" adlı peyk-kəşfiyyat proqramına aiddir. Eyni zamanda Maskın "SpaceX"in məxfi layihələrin icra olunduğu və müzakirə edildiyi obyektlərin əksəriyyətinə daxil olmasına icazə verilmir.
“The New York Times” isə ABŞ-li milyarder İlon Mask və ona məxsus “SpaceX” şirkətinin təhlükəsizlik protokollarına əməl etmədiyi üçün nəzarət altında olduğunu yazıb. Nəşrin yazdığına görə, biznesmen qayda pozuntularına görə federal araşdırma ilə üzləşib. Federal qurumlar şirkət və onun rəhbərinin dövlət sirlərini qorumaq məqsədi daşıyan açıqlama protokollarına əməl edib-etməməsi ilə bağlı azı 3 araşdırmaya başlayıb: “Mask və onun “SpaceX” şirkəti dəfələrlə dövlət sirlərini qorumaq üçün federal hesabat protokollarına əməl etməyib, o cümlədən xarici liderlərlə görüşlərinin bəzi təfərrüatlarını gizlədiblər”.
Sözügedən xəbərlərə milyarderin reaksiyası kifayət qədər sərt olub: “Dərin dövlət xainləri ənənəvi mediada pullu tərəfdarlarından istifadə edərək üstümə düşüblər. Mübarizəni başladan mən olmaq istəmirəm, amma onlar başlasa, dərin dövləti bitirəcəyəm”.
Amerikalı milyarderlə hökumət arasındakı gərginliyi şərh edən siyasi ekspert Elçin Xalidbəyli “Sherg.az"a açıqlamasında İlon Maskın Bayden administrasiyası üçün arzuolunmaz şəxs hesab olunduğunu deyib. Onun sözlərinə görə, İlon Maskın hədəfə alınma səbəblərindən biri ABŞ-də keçirilən prezident seçkilərində qalib gələn Donald Trampa ciddi şəkildə dəstək verməsi, Bayden Administrasiyasına qarşı müəyyən iradlar və ittihamlarla çıxış etməsi olub:
““İlon Maskın bir çox ölkələrlə əlaqələrinin, hətta bir neçə dünya liderləri ilə şəxsi münasibətlərinin olması da istisna deyil. Lakin “SpaceX” kimi nəhəng bir şirkətə sahib İlon Maskın Amerika Birləşmiş Ştatlarına xəyanət etməsi real ehtimal deyil.
Sadəcə olaraq Maskın ABŞ-dəki səhnəarxası siyasi dairələrin maraqlarına zidd fəaliyyətinə görə onun hədəfə alınması istisna deyil. Hətta İlon Maskın sözügedən açıqlamasında açıq-aşkar ABŞ-də dərin dövlətin olduğunu qeyd etməsinin özü belə kifayət qədər önəmli bir məqamdır. ABŞ-nin rəsmi şəxsləri adətən bu mövzuda danışmır və belə suallardan yayınırlar. İlon isə bunu etiraf edib”.
Ekspert qeyd edib ki, ABŞ-dəki dərin dövlətin parçalanmış vəziyyətdə olması ilə bağlı məlumatlar var:
" Qanadlardan biri Bayden Administrasiyasını, digər isə Respublikaçıları dəstəkləyir. Trampın hakimiyyətə gəlməsində də məhz dərin dövlətin ikinci qanadının əhəmiyyətli rolunun olduğu bildirilir. İlon Maskın dərin dövləti sıradan çıxartmaqla hədələməsi, əslində, bütövlükdə dərin dövlətin bitirilməsi yox, məhz Bayden administrasiyasına dəstək verən təmsilçilərinin sıxışdırılmasına yönəlik bir təhdiddir. Lakin İlon Mask kimi böyük bir iş adamının belə ABŞ dərin dövlətinə qalib gələcəyi, onlara gücünün çatacağı inandırıcı görünmür. Böyük ehtimalla bu sadəcə, “əzələ nümayişi”dir. Mask bu etirafı ilə ona qarşı təhdidlərin hansı qüvvələr tərəfindən edildiyini bildiyinin mesajını verir”.