Mümkün sülh danışıqları zamanı Rusiyanın Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikasının sayının azaldılması şərti ilə razılaşmayacağıq.
Bu fikirləri prezident Vladimir Zelenski açıqlayıb.
O əlavə edib ki, əsas məqsəd ordunun Avropanın güclü və nəhəng ordusuna çevirməkdən ibarətdir.
Ukrayna lideri ölkəsinə sülhməramlı missiyanın cəlb olunması ideyası barədə də danışıb:
"Orduda məhdudlaşma həyata keçirməyə ixtiyarımız yoxdur. Ölkəmizin təhlükəsizliyinin təminatına aparan ən uğurlu yol NATO-ya üzvlük məsələsinin həll olunması, habelə Rusiyaya qarşı sanksiya siyasətinin davam etdirilməsindən keçir. Mən eyni zamanda ölkəmizə sülhməramlıların gətirilməsi məsələsini də dəstəkləyirəm. Bir sıra Avropa liderləri buna tərəfdardır. Proses kifayət qədər mürəkkəbdir və özündə bəzi riskləri ehtiva edir” – deyə, V. Zelenski fikirlərini tamamlayıb.
Politoloq İlqar Vəlizadə "Sherg.az"a söyləyib ki, həm Rusiya, həm də Ukrayna aralıq sülh müqaviləsinin öz xeyrinə tərtib olunmasını istəyir:
"Adətən bu cür sənədlər kompromis üzərində qurulur. Həmin kompromis isə reallıqlara söykənir. Rusiya Ukraynanın böyük ərazilərini əlində saxlayır və bu ərazilərdən çıxmaq niyyətində deyil. Ukraynanın hazırda Rusiyaya müqavimət göstərmə imkanları isə çox dardır. Belə olan halda vasitəçilər hər iki tərəfi reallıqlarla barışmağa sövq edəcək. Sülhməramlıların gətirilməsi isə ikinci mərhələdir. Onlar adətən regionlara sülh əldə olunandan sonra gətirilir. Həmçinin sülhməramlıların hansı ölkələrdən olacağını tərəflər özü müəyyən edir. Yəni burada həm Rusiya, həm də Ukraynanın maraqları nəzərə alınmalıdır. Nəzər salsaq, Azərbaycan-Ermənistan münaqişəsindən sonrakı vəziyyətdə sülh bərqərar olduqdan sonra sülhməramlıların gətirilməsi bu qayda ilə olmuşdu. Digər tərəfdən Zelenski istəyir ki, Ukrayna üçün "komfortlu sülh" imzalansın. Bu isə mümkün deyil. Ona görə də Ukrayna Prezidenti reallıqlarla barışmalıdır. Eyni zamanda sülh Rusiyanın da tam istədiyi kimi olmayacaq. Çünki Qərb, xüsusilə də ABŞ - Tramp administrasiyası çalışacaq ki, müəyyən dərəcədə Ukrayna da nəsə qazansın".