İstənilən halda onun özünü müxalifətin lideri kimi təqdim etməsi Mixail Saakaşvili ssenarisini yarada bilər
Gürcüstan Prezidenti Salome Zurabişvilinin 23 dekabrda imzaladığı əfv qərarları ölkədə ciddi suallar doğurub. Prezidentlik müddətində sonuncu dəfə əfv fərmanını imzalayan Zurabişvili, 2021-ci ildə “Namaxvani SES” tikintisinə qarşı etiraz aksiyalarında iştirak edən və qrup halında zorakılıqda ittiham olunan şəxsləri, eləcə də Respublika Xəstəxanasının təmiri ilə bağlı vəsaitlərin israfı işində adları hallananları əfv edib.
Prezidentin bu addımı Gürcüstan parlamentində kəskin reaksiyalara səbəb olub. Parlamentin vitse-spikeri Gia Volski bildirib: “Mən Salome Zurabişvilinin indi əfv etdiyi şəxsləri xarakterizə etməyəcəyəm, lakin onun prezidentliyi dövründə həyata keçirdiyi bütün əfv qərarları ciddi şübhələr doğurur”.
Zurabişvilinin əfv etdiyi şəxslər arasında qrup zorakılığı və dövlət vəsaitlərinin mənimsənilməsi kimi cinayətlərdə ittiham olunanların olması ictimaiyyət arasında narazılıq yaradıb. “Gürcü Arzusu” Partiyasının nümayəndələri bu qərarları hüquq sisteminə zidd və ictimai ədalət prinsiplərinə uyğun olmayan addım kimi qiymətləndirirlər.
Qeyd edək ki, Zurabişvilinin prezidentlik dövrü başa çatmaq üzrədir və bu sonuncu əfv qərarlarının Gürcüstanın daxili siyasətində yeni mübahisələrə yol açacağı gözlənilir.
O, "İnterpressnews"a videomüraciəti zamanı qeyd edib ki, hakim “Gürcü Arzusu” Partiyası və müxalifət yeni parlament seçkilərinin təyin edilməsi ilə bağlı kompromis əldə etməsələr, o zaman Gürcüstan “rejimin devrilməsi” ilə üzləşəcək. Böhran elə bir mərhələyə çatıb ki, bizim başqa seçimimiz qalmayıb".
Zurabişvili hesab edir ki, mövcud vəziyyətin iki həll yolu var: "Ya dekabrın 29-na qədər yeni seçkilər keçirmək və “seçicilərin etimadını bərpa etmək”, ya da “indiki rejimi devirmək”. Bu rejim öz-özünə dağılır və heç kim buna qarışmır, bu, sizin günahınızdır".
Gürcüstanda baş verən prosesləri dəyərləndirən Strateji Araşdırmalar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov “Sherg.az"a açıqlamasında deyib ki, Gürcüstanda baş verən proseslər kifayət qədər gərgindir. Onun sözlərinə görə, "Xarici agentlər haqqında" qanunun qəbul edilməsi və parlament seçkiləri ərəfəsində Qərbin Gürcüstanda baş verən proseslərə açıq müdaxiləsi müşahidə edilirdi:
“Özünü müxalifətin lideri kimi təqdim edən Prezident Salome Zurabişvili hakimiyyəti təhvil vermək istəmir. Yeni seçilən Prezident Mixail Kavelaşvili dekabrın 29-da and içməlidir, lakin Zurabişvili parlamentin legitimliyini şübhə altına alaraq təkrar seçki tələb edir. O, bununla sadəcə parlamentə yox, gürcü xalqının da siyasi iradəsinə hörmətsizlik etmiş olur”.
Politoloqun sözlərinə görə, Zurabişvilinin hakimiyyətdən getmək istəməməsi, onun nə yolla olursa-olsun, prezidentlik müddətini davam etdirmək niyyəti daxildə böyük toqquşmalara gətirib çıxara bilər:
""Gürcü Arzusu" Partiyası parlament seçkilərində də bəyan etmişdi ki, prezident vəzifəsinə başqa şəxs seçiləcək. Belə də oldu. Artıq yeni seçilən prezident məlumdur və Salome Zurabişvili öz səlahiyyətlərini təhvil verməsə, onun həbsi də nəzərdən keçirilə bilər. İstənilən halda onun bu və ya digər formada öz məqsədlərinə çatmaq istəyi, özünü müxalifətin lideri kimi təqdim etməsi Mixail Saakaşvili ssenarisini yarada bilər. Yəni belə bir ehtimal var və dilə gətirilir. Baş nazir Kobaxidzenin Salome Zurabişvilinin dəmir barmaqlılar arxasında ola biləcəyi barədə söylədiyi fikir heç də təsadüfən deyilməyib. Bu, bir xəbərdarlıq mesajı kimi qiymətləndirilə bilər”.