Rusiya öz diplomatlarını Suriyadan geri çağırmayıb və ölkənin yeni hakimiyyəti ilə təmasdadır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və xarici KİV-lərə müsahibəsində bildirib. O bildirib ki, biz səfirliyimizin təhlükəsiz fəaliyyətinin təmin edilməsi ilə bağlı praktiki məsələləri müzakirə edirik və ümumiyyətlə ikitərəfli münasibətlərə dair digər məsələlərdə dialoqda maraqlıyıq və buna hazırıq. S.Lavrov qeyd edib ki, Rusiya və Suriya arasında uzun müddətdir yaxşı münasibətlər var və Moskva bu münasibətləri bundan sonra da inkişaf etdirəcək. Həmçinin söyləyib ki, yeni hakimiyyət strukturu tam formalaşandan sonra iqtisadiyyat və investisiya əməkdaşlığı sahəsində də münasibətlərin inkişafına ümid edirik. O qeyd edib ki, Moskva Suriya ilə sərhəddə təhlükəsizlik məsələsində Ankaranın narahatlığını başa düşür. S.Lavrov bildirib ki, biz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatını eşitmişik və onun terror yuvalarının iştirakı ilə dəfələrlə insidentlərin baş verdiyi Suriya ilə sərhəddə təhlükəsizliklə bağlı narahatlığını başa düşürük. Təhlükəsizlik təmin edilməlidir, lakin Suriyanın suverenliyinə hörmət edilməklə. Türkiyə rəhbərliyi də bu mövqedən çıxış edir, biz bunu dəstəkləyirik. XİN rəhbəri həmçinin İsraili öz dövlətinin təhlükəsizliyini başqa ölkələrin təhlükəsizliyi hesabına təmin etməyə çalışmamağa çağırıb. Siyasətçi vurğulayıb ki, düşünmək olmaz ki, mən qonşunun bütün hərbi obyektlərini məhv edəcəyəm, sonra da əbədi sülh içində yaşayacağam.
AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a söyləyib ki, bu Türkiyə və Rusiyanın Suriya məsələsinə yaxınlaşması deməkdir:
“Suriya hadisələrindən sonra Vladimir Putinin dörd saat yarımlıq konfransı var idi. Həmin çıxışlar zamanı Putinin Türkiyəyə küskünlüyü, hirsi, müşahidə olunurdu. Çünki Türkiyə Rusiyanı Suriyada üstələmişdi və məğlub etmişdi. Görünən odur ki, Türkiyə və Rusiya arasında daha sonra təmaslar olub və vəziyyət dəyişib. Rusiyanın xarici işlər naziri səviyyəsində verilən açıqlama iki ölkə arasında bulanan suların durulduğunu göstərir. Hesab edirəm Ankara və Moskva arasında müəyyən razılaşma olub və Rusiyanın hərbi bazası Suriyada qala bilər. Lakin həmin halda Suriyanın ərazi bütövlüyü dəstəklənəcək və Türkiyənin istəkləri nəzərə alınacaq. Ola bilsin ki, Türkiyə və Rusiya birgə Amerikaya qarşı Şimali Suriyada PKK/YPG terroruna birgə çıxış etdilər. Bundan sonra Suriyanın yeni höküməti ilə separat ocağını məhv edəcək və Şimali Suriyanı tam nəzarətinə keçirəcək”.