ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Ukraynaya təyyarə ilə səfər edən ilk lider ola bilər.
Bu fikri amerikalı jurnalist Leks Fridmana müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Müharibə bitəndən sonra Prezident Tramp təyyarə ilə gələn ilk lider ola bilər, məncə. Bu, simvolik olardı”, - deyə Zelenski müsahibəsində bildirib.
Zelenski Trampla müharibənin dayandırılmasını müzakirə etmək üçün mümkün görüş barədə də danışıb:
“Düşünürəm ki, yanvarın 25-də və ya başqa bir gündə Trampla və Putinlə bir yerdə oturacağıq”.
O vurğulayıb ki, əgər Tramp Ukrayna üçün güclü təhlükəsizlik təminatları təklif edərsə, Rusiya ilə danışıqlara başlamaq mümkündür.
Siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a bildirib ki, Şərqi Avropada vəziyyət kifayət qədər gərgindir:
"Həm Ukrayna, həm də Rusiya tərəfi yorulub. Həmçinin onların imkanları da getdikcə tükənir. Buna baxmayaraq, Rusiya zaman- zaman yeni ərazilər işğal edir. Bu da Rusiyanın ən azı taktiki üstünlüyünü qorumasına kömək edir.
Digər tərəfdən 2025- ci il savaş üçün həlledici ola bilər. Belə ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçməsindən sonra rəsmi Vaşinqtonun Kiyevə dəstəyi azaldacağı gözlənilir. Bu, perspektivdə Ukraynanı Rusiyanın şərtləri altında danışıqlara məcbur edə bilər. Bunu Zelenski də başa düşür. Eyni zamanda rəsmi Kiyev mümkün danışıqlara qədər "əlini gücləndirməyə" çalışır. Ukrayna bəzi ərazilərini azad etməyə, yaxud Rusiyanın hansısa ərazilərində nəzarəti təmin etməyə çalışacaq. Bunun üçün ABŞ və Avropa İttifaqının ayırdığı yardımlardan istifadə olunur".