İsrail Qəzzada ikinci məğlubiyyəti imzaladı -RƏY

Sonda proseslər Türkiyə qoşunlarının Qəzza zolağına yerləşdirilməsi ilə nəticələnəcək

Bundan sonra müstəqil Fələstin dövləti qurulacaq

HƏMAS-ı danışıqlara gətirmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət etdik. Bu barədə ABŞ Dövlət katibi Antoni Blinken deyib. Blinken bildirib ki, bir neçə həftə öncə Türkiyəyə gedib: "HƏMAS-ı masaya qaytarmaq üçün Prezident Ərdoğana müraciət etdik və ondan razılaşmanı yekunlaşdırmaq üçün güc və təsirindən istifadə etməsini istədik. Prezident Ərdoğan da eyni şeyi etdi və HƏMAS masaya qayıtdı". Qeyd edək ki, HƏMAS və İsrail girovların azad edilməsi və Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəliblər. Atəşkəs razılaşması yanvarın 19-dan qüvvəyə minəcək. Bu barədə Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman əs-Sani bildirib. O deyib ki, Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi 42 gün davam edəcək və bu müddət ərzində növbəti mərhələnin şərtləri müəyyənləşəcək. Qətərin baş naziri təsdiqləyib ki, HƏMAS İsraillə razılaşmanın ilk mərhələsində 33 girovu azad edəcək. Vasitəçilər İsrail qoşunlarının Qəzza zolağından tam çıxarılmasını təmin etmək üçün danışıqların davam etdirilməsinin təminatçısı kimi çıxış edirlər. 

AĞ Partiyanın sədr müavini, siyasi şərhçi Əhəd Məmmədli "Sherg.az"a açıqlamasında deyib ki, İsrail silahsız müsəlmanları qətl etsə də, silahlı müsəlman qruplaşmaya qalib gələ bilmədi. Ekspert xatırladıb ki, müharibə başlayanda İsrail Baş naziri Benyamin Netanyahu deyirdi ki, HƏMAS tamamilə məhv ediləcək və onlar sonadək gedəcəklər: 
"Yəni İsrailin hədəfi HƏMAS-ın tamamilə sıradan çıxarılması idi, ona görə də atəşkəsə yaxın durmurdu. Terror qruplaşması adlandırdığı HƏMAS-la heç zaman danışıqlara getməyəcəyini deyirdi. Həmçinin Qəzza zolağını tam işğal etməyi planlaşdırırdılar. Rəfah Sərhəd qapısının bağlı qalmasında və qəzzalıların hamısının toplu şəkildə Misirə deportasiya olunmasında maraqlı idilər. Niyə oldular? Sadəcə, silahsız insanlara qarşı qətliamlar törədərək bütün dünyanın diqqətini öz üzərlərinə çəkdilər. Avropa ölkələrinin etirazı ilə üzləşdirlər. Əslində bu, Netanyahu iqtidarının məğlubiyyətidir. Çünki bu qədər hərbi əməliyyatlara rəğmən, istədiklərinə nail ola bilmədilər və əsirləri xilas etmək də mümkün olmadı. 2006-cı il Livan uğursuzluğundan sonra İsrail 2025-ci ildə Fələstində ikinci uğursuzluğa imza atmış oldu. Amma fələstinlilərin də başqa yolu yox idi, işğal altında, girovluqda idilər. Türkiyənin də rolu burada çox ciddidir. Türkiyə HƏMAS tərəfindən danışıqlar aparırdı. Fikrimcə, Türkiyə Fələstinə təsirini daha da artıracaq. Sonda proseslər Türkiyə qoşunlarının Qəzza zolağına yerləşdirilməsi ilə nəticələnəcək. Bundan sonra müstəqil Fələstin dövləti qurulacaq və Qərbi Qüdsün fələstinlilərə qaytarılması məsələsi gündəmə gələcək".