Yeni prezident AB və digər müttəfiqləri üzündən ölkəsinin əziyyət çəkməsini, maliyyə itkisi yaşamasını istəmir
Xarici siyasətdə əsas düşmən obrazını - Rusiyadan Çinə doğru dəyişdirəcək. Onsuz da açıq şəkildə bəyan edib ki, əsas hədəf Çindir
ABŞ-nin 47-ci Prezidenti Donald Tramp and içərək vəzifəsinin icrasına başlayıb. Andiçmədə ABŞ-nin yaşayan sabiq prezidentləri də iştirak ediblər. Mərasim təxminən min nəfərin yerləşə biləcəyi Konqresin mərkəzi salonu olan Rotundada 40 ildən sonra ilk dəfə baş tutub. Respublikaçı Konstitusiyaya və iki İncil kitabına əlini qoyaraq and içib. Yeni Prezident Abraham Linkolnun vəzifəyə gələrkən istifadə etdiyi İncilə də əl basıb. Bununla da, Tramp ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident olub. Əvvəllər buna yalnız Qrover Klivlend (1885-1889-cu illərdə və 1893-1897-ci illərdə) nail olmuşdu. Tramp hazırda ABŞ-nin 45-ci və 47-ci prezidentidir. Trampla yanaşı, 40 yaşlı Ceyms Devid Vens də vitse-prezident kimi and içib. Tramp yeni administrasiyasının məqsədlərinə dəstək olmaq üçün 24 saatlıq ianə toplama kampaniyasına başladığını elan edib: “Amerikanı yenidən güclü, sağlam, zəngin, qürurlu və möhtəşəm edəcəyik! Çünki biz amerikalılar bir xalqıq, bir ailəyik və Allah altında bir şanlı millətik... Mən tərəfdarlarımı bizi dəstəkləməyə və prezident üçün qısamüddətli ianə aksiyasına qoşulmağa çağırıram”. Tramp həmçinin administrasiyasının məqsədlərinə çatmaq üçün hər bir “Amerika vətənpərvərini əllərindən gələni etməyə” çağırıb. Rəsmi olaraq vəzifəsinin icrasına başlayan Prezident Meksika ilə cənub sərhədində fövqəladə vəziyyət elan edib: “Bu gün mən ABŞ-nin tam bərpasına və sağlam düşüncənin əsl inqilabına başlayacaq bir sıra tarixi sərəncamlar imzalamağı planlaşdırıram. Əvvəlcə mən cənub sərhədimizdə fövqəladə vəziyyət elan edirəm və qoşunlarımızı ora göndərəcəyəm”. Tramp deyib ki, o, narkotik kartellərini terror təşkilatları siyahısına salmağı planlaşdırır. Prezident öz çıxışında söz azadlığını bərpa edəcəyini vəd edib. Amerika lideri müvafiq fərman verəcəyini açıqlayıb: “Mən həmçinin hökumətin bütün senzurasını dərhal dayandırmaq və Amerikada azad sözü bərpa etmək üçün sərəncam imzalayacağam”. Tramp onu da qeyd edib ki, ABŞ hazırda Çinin əlində olduğu iddia edilən Panama kanalına nəzarəti ələ keçirəcək: “Çin Panama kanalına nəzarət edir və biz onu Çinə verməmişik. Panamanı geri alırıq”. Tramp gender məsələsinə toxunub və deyib ki, “ABŞ indi rəsmi olaraq yalnız iki cinsi tanıyır: qadın və kişi. Bu gün Amerika hökumətinin rəsmi siyasəti budur ki, yalnız iki cins var - kişi və qadın". Tramp bu sözləri dedikdən sonra ABŞ andiçmə mərasimi iştirakçıları gurultulu alqışlayıblar. ABŞ-nin yeni Prezidenti andiçmə mərasimində çıxışı zamanı özünü sülhməramlı adlandırıb: “Biz girmədiyimiz müharibələrə son qoyacağıq və dünyanın ən güclü ordusunu quracağıq". Tramp ikinci müddətində “sülhməramlı və birləşdirici” olmaq niyyətində olduğunu bildirib. O, həmçinin ABŞ-nin əvvəlki Prezidenti Co Baydenin bütün dünyada silahlı münaqişələrə səbəb olan səhv hesablamalarına diqqət çəkib. Onun sözlərinə görə, ABŞ-nin qüdrəti ölkəyə belə bir status qazanmağa imkan verəcək. Tramp inauqurasiya mərasimindən sonra yeni təyinatlarla bağlı sərəncamlar imzalayıb.
Panama Prezidenti Xose Mulino Trampın bəyanatına cavab olaraq onun Panama və onun kanalı ilə bağlı dediyi sözləri tamamilə rədd edib. Onun sözlərinə görə, kanal Panamaya məxsusdur və olacaq: "Dünyada elə bir ölkə yoxdur ki, bizim hakimiyyətin işinə qarışsın. Kanal heç kimin güzəşti deyil. Bu, 1999-cu ildə Torrixos-Karter Müqaviləsi ilə yekunlaşan nəsillər mübarizəsinin nəticəsi idi. Və o vaxtdan bəri, 25 il davamlı olaraq, biz dünyaya və onun ticarətinə məsuliyyətlə xidmət edərək, onu idarə etdik və genişləndirdik".
Fransa Prezidenti Emmanuel Makron Donald Trampın çıxışından sonra Avropanı ayılmağa və müdafiəyə daha çox pul xərcləməyə çağırıb. Makron bildirib ki, amerikalı müttəfiqlərinin Aralıq dənizindən hərbi gəmilərini geri çəkməsi ciddi problem yaradacaq. Fransa prezidenti xəbərdarlıq edib ki, Ukraynadakı müharibə sabah və ya o biri gün bitməyəcək: “Gəlin, özümüzü aldatmayaq”. O, Avropaya öz müdafiəsi üçün daha çox məsuliyyət daşımaq çağırışını təkrarlayıb: “Avropalılar olmadan Avropada sülh və təhlükəsizlik ola bilməz”.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Şərq"ə deyib ki, bəlkə də, ABŞ tarixində nadir andiçmə mərasimlərindən biri oldu. Onun sözlərinə görə, Donald Tramp Amerikanın siyasi ənənələrini dağıtmaqda davam edir: "Tramp andiçmə mərasimində arxasında oturan artıq keçmiş Prezident Cozef Baydenin adını çəkmədən onun qərarlarını "yıxıb-sürüdü". Çoxlarını düşündürən sual budur: Tramp verdiyi çoxsaylı vədlərin nə qədərini yerinə yetirə biləcəkmi? Məsələn, Ağ Evin yeni sahibi Panama dövlətini ərazisindəki kanalı ABŞ-yə təslim verməsini təmin edəcəkmi? Panamaya təzyiq edəcək, yoxsa bu alınmadıqda ordunu ora göndərəcək? Tramp andiçmə mərasimində Meksika körfəzini Amerika körfəzi adlandıracağını xatırlatdı. Bunun Amerika üçün əhəmiyyəti nə qədərdir? Tramp andiçmə mərasimində xüsusi olaraq Rusiya-Ukrayna müharibəsi barədə danışmasa da, dünyadakı müharibələri bitirəcəyini vəd etdi. Trampı Ukraynanın və Avropanın taleyi maraqlandırmır. Tramp müşavirlərinə və dövlət katibinə Rusiya-Ukrayna müharibəsində ilkin mərhələdə atəşkəsə nail olmağı tapşıracaq və bunu xarisi siyasətdə qələbəsi kimi təqdim edəcək. Rusiya Prezidenti Vladimir Putin andiçmə mərasimindən əvvəl Trampı Prezident seçilməsi münasibətilə təbrik edib. Bu o deməkdir ki, Putin Trampla görüşməyə hazırdır. Putin sanksiyalardan qurtulmaq və Trampla Avropa dövlətləri arasında ixtilafı dərinləşdirmək üçün Ağ Evin yeni sahibinin atəşkəs tələbini qəbul edə bilər".
Politoloq Turab Rzayev deyib ki, Tramp izolyanist siyasət yürüdür, yəni onun üçün əsas ABŞ-nin maraqlarıdır. Ekspertə görə, Tramp AB və digər müttəfiqləri üzündən ABŞ-nin əziyyət çəkməsini, maliyyə itkisi yaşamasını istəmir:
"Ona görə də NATO üzvü ölkələrin büdcələrini 5 faizə qaldırmasını tələb edəcək. Yəni Tramp dünyada demokratiya rəhbərinin kim olmasından daha çox, ABŞ-nin maraqları uğrunda çalışacaq. Tramp üçün ölkə iqtisadiyyatını gücləndirmək, istehsalın ABŞ-yə yönəldilməsi əsas məqsəd olacaq. ABŞ-də istehsal müəssisələrinin sayını artırmağı hədəfləyir. Enerji məsələləri mövzusunda da yeni neft-qaz quyularının qazılmasına etiraz etməyəcək. Tramp üçün Afrika və Asiyadakı hansısa məsələyə müdaxilə ABŞ əhalisinin maraqlarından sonra gəlir. Trampın izolyanist siyasəti digərlərinin qlobalist siyasətindən fərqlənəcək”, - politoloq qeyd edib".
Analitikin fikrincə, buna baxmayaraq, Trampın bir neçə prioritet istiqaməti olacaq:
“Tramp həmişə deyib ki, dünyada sülhün, əmin-amanlığın tərəfdarıdır, seçki prosesində də daim buna toxunub və fəxrlə onun prezidentliyi dövründə müharibə olmadığını vurğulayıb. Bu səbəbdən problemləri həll eləməyə çalışacaq. İsraillə HƏMAS arasında ilk atəşkəsin imzalanması həm də Tramp kabinetinin təzyiqi ilə baş tutub. Rusiya-Ukrayna cəbhəsinə çox böyük təzyiqlər ediləcək. Burada da sülhə nail olmağa, iki ölkəni bir araya gətirməyə çalışacaq. 3-cü məsələ isə Azərbaycan və Ermənistan arasındakı sülhdür. Düşünürəm, artıq tərəflər arasında sülh müqaviləsi imzalanacaq. Tramp burada da vasitəçilik etməyə səy göstərəcək. Xarici siyasətdə əsas düşmən obrazını - Rusiyadan Çinə doğru dəyişdirəcək. Onsuz da açıq şəkildə bəyan edib ki, əsas hədəf Çindir".