Baş nazirin nəticəsiz səfəri onu nufuzdan salacaq və müxalifətin şanslarını daha da artıracaq
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-yə işgüzar səfəri çərçivəsində bu ölkənin vitse-prezidenti Ceyms Devid Venslə görüşüb. Danışıqlar zamanı tərəflər Cənubi Qafqazdakı vəziyyəti, eləcə də İrəvanla Vaşinqton arasında münasibətləri müzakirə ediblər. Baş nazir fevralın 3-dən 7-dək ABŞ-də işgüzar səfərdədir. Xatırladaq ki, Paşinyan fevralın 3-dən etibarən Vaşinqtonda işgüzar səfərdədir və burada beşinci Beynəlxalq Dini Azadlıq Sammitində iştirak edib. O, erməni diasporunun nümayəndələri ilə də görüş keçirib. “Hraparak” qəzeti yazıb ki, Ağ Ev Vaşinqtonda olan Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampla görüş təklifini dərhal rədd edib. Nəşrin məlumatına görə, imtina ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Uolts və müdafiə naziri Pit Heqsetdən alınıb. Qəzet qeyd edir ki, Ermənistan Xarici İşlər Nazirliyi və Ermənistanın ABŞ-dəki səfiri Vaşinqtonda Paşinyan üçün yüksək səviyyəli görüşlər təşkil etməyə çalışıb və müxtəlif strukturlarla əlaqə saxlayıblar. Dövlət Departamentindən hələ ki, rəsmi imtina olmayıb, lakin Marko Rubionun Paşinyanı qəbul etməyə razılıq verəcəyinə dair heç bir təsdiq yoxdur.
"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov "Sherg.az"a deyib ki, Bayden hakimiyyətinin son günlərində Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında Xartiya imzalanıb. Onun sözlərinə görə, aradan bir ay keçməmiş Amerika Birləşmiş Ştatlarının strateji tərəfdaşı sayılan Ermənistanın baş naziri Vaşinqtona səfərə gəlir və nə dövlət katibi ilə, nə də prezidentlə görüşə bilir:
"Ola bilər ki, son anda Dövlət katibi ilə görüşə nail olsun. Əks halda bu mənzərə Ermənistan üçün çox ciddi zərbə olacaq. Çünki məhz ABŞ-yə yaxınlaşmaq, onun strateji tərəfdaşı olmaq məqsədilə Ermənistan Rusiyanı qarşısına aldı, özünü çox böyük təhlükə qarşısında qoydu. Rusiyanın Ermənistanda hərbi bazasının mövcudluğu, sərhədlərin Rusiya tərəfindən qorunması, strateji obyektlərin Rusiyanın nəzarətində olması, Rusiyanın Ermənistanın əsas ticarət tərəfdaşı olması və digər mühüm səbəblər Ermənistanı məcbur edirdi ki, Rusiya ilə münasibətləri qorusun. Ancaq Ermənistan bu məsələləri hesaba qatmadan ABŞ ilə yaxınlaşma xətti götürdü. Strateji tərəfdaşlıq haqqında xartiya imzalanmasına nail oldu. Buna rəğmən, Ermənistan lideri Amerika Birləşmiş Ştatlarında günlərlə ciddi görüşə nail ola bilməyib. Bu, Ermənistan diplomatiyası üçün böyük məğlubiyyət sayılmalıdır".
Analitikə görə, cəhdlər hələ davam edir və heç olmasa, Dövlət katibi ilə görüş Paşinyanı müəyyən qədər diplomatik biabırçılıqdan xilas edə bilər:
"Ermənistan rəhbərliyi dərk etməlidir ki, istənilən görüş, təmas əvvəlcədən planlaşdırılmalıdır. Əgər ciddi görüşlər nəzərdə tutulmayıbsa, hər hansı mövzuda keçirilən konfransdan da imtina olunmalıdır. İrəvan hakimiyyəti bunu anlaya bilməyib. Əgər proses belə gedərsə, Paşinyan səfərdən istədiyini ala bilməyəcək, üstəlik, onun nüfuzuna ziyan dəyəcək. Onsuz da Paşinyanın nüfuzu gündən-günə azalmaqdadır. Paşinyanın Amerika Birləşmiş Ştatlarına nəticəsiz səfəri müxalifətin şanslarını daha da artıracaq".