İran havadan müdafiəsiz qalıb
ABŞ ilə danışıqların İranın problemlərinin həllinə heç bir təsiri yoxdur.
Bunu İranın Ali rəhbəri Seyid Əli Xamenei Hərbi Hava və Hava Hücumundan Müdafiə qüvvələrinin komandanları ilə görüşündə deyib.
“Elə zənn etməyin ki, o hökumətlə danışıqlar masasına otursaq, hansısa problem həll olunacaq. Xeyr, heç bir problem Amerika ilə danışıqlarla həll olunmayacaq. Niyə? Biz ABŞ və digərləri ilə 2 il danışıqlar apardıq. Razılaşma əldə olundu, lakin ABŞ-nin hazırkı prezidenti buna əməl etmədi və onu parçaladı”, - İranın Ali rəhbəri vurğulayıb. Xamenei ABŞ tərəfindən təhdidlərin olacağı təqdirdə, onların cavabsız qalmayacağını bəyan edib.
Siyasi ekspertlər isə hesab edir ki, Tramp hələlik yeni komandası ilə tam gücü ilə fəaliyyətə başlamayıb. Onun İran və digər məsələlərlə bağlı ritorikası əsasən danışıqlar üçün konseptual çərçivə formalaşdırmağa xidmət edir. Lakin yaxın gələcəkdə beynəlxalq proseslərin necə inkişaf edəcəyi bir çox faktordan asılıdır.
İranın əsas gözləntisi isə ABŞ ilə münasibətlərin normal saxlanılmasıdır. İran hazırda bunun üçün çalışır. ABŞ-nin isə İran qarşısında tələbləri var. Yaxın Şərqdəki qüvvələr, xüsusilə də HƏMAS və Hizbullah məsələsində də İran üzərinə düşən öhdəliyi yerinə yetirməlidir.
İranla Birləşmiş Ştatlar arasında münasibətləri dəyərləndirən Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadənin “Sherg.az"a açıqlamasına görə, İsrailin Baş naziri B.Netanyahu və D.Tramp İranda hakimiyyətin çökməsi üçün ciddi tədbirlər görəcək:
“İranın nüvə və raket mərkəzlərinə hava hücumları mümkündür. İran rejimi öz hərbi imkanlarını genişləndirsə də, havadan müdafiə sistemləri sıradan çıxarılıb. Ölkə havadan hücum təhlükəsinə görə müdafiəsiz qalıb”.
İrana qarşı yeni sanksiyaların neft hasilatını dayandıracığını vurğulayan
M.Əsədullazadə deyib ki, ABŞ administrasiyası İrana yeni sanksiyalar tətbiq edib:
“İranın neft satışına tətbiq edilən yeni sanksiyaların ölkə daxilində sosial və siyasi gərginliyə gətirib çıxaracağı mümkündür. İran rialı dollar qarşısında hər keçən gün dəyərdən düşməsi, əhalinin real alıcılıq qabiliyyətini aşağı salır. Ölkədə inflyasiyanın psixoloji həddi keçməsinə gətirib çıxarır. Ölkə iqtisadiyyatının tənəzzülü hakimiyyət daxilində siyasi qruplar arasında qarşıdurmaya yol açmasına gətirib çıxarması istisna deyil. Prezident M.Pezeşkian islahatçı qanadı təmsil etməsinə baxmayaraq, Qərblə dialoq baş tutmur. Çünki SEPAH və mühafizəkar dairələr İranın xarici siyasətində sərt xətti davam etdirməklə, Qərblə normallaşmanın qarşısını alırlar. Məhz Qərblə danışıqlar üçün görəvləndirilən C.Zərifin işi çətinləşib.
İran sanksiyalara görə neftini Çin və Hindistana ixrac edirdi. Bunun da qarşısını D.Tramp yeni sanksiyalar tətbiq etməklə alır. Təkcə neft hasilatı deyil, İran dünyanın qaz yatağına malik ilk onluqda olmasına baxmayaraq, qaz ixrac edə bilmir. Həmçinin texniki imkanları aşağı olduğu üçün əhalinin qazla təminatında əziyyət çəkir. Ölkədə enerji böhranının növbəti mərhələdə hakimiyyət böhranı ilə əvəzlənməsi gözlənilir. ABŞ sanksiyaları genişləndirsə, İran neft çıxarmasını dayandıra bilər. Çünki neft satışından valyuta daxil olmasa, neftin çıxarılması baha başa gələcək. İran Uranın zənginləşdirilməsini davam etdirərsə, növbəti eskalasiyaya gətirib çıxara bilər. Artıq ABŞ İsrailə İranın yeraltı nüvə və raket bunkerlərini dağıda bilən bombalar verib”.