Yeni prezident vətəndaş müharibəsi nəticəsində dağılmış ölkəni yenidən qurmalıdır
“Təhlükəsizlik və xarici siyasət məsələsində Suriya Türkiyədən asılıdır. Əgər Ankara dəstək verməsə, Dəməşqin ölkədəki silahlı qruplarla mübarizə imkanları zəif qalacaq”
Türkiyə Silahlı Qüvvələri Suriyada növbəti əməliyyat keçirib. Qeyd olunub ki, “Sülh çeşməsi” əməliyyat bölgəsində PKK/YPG terror təşkilatının dörd üzvü məhv edilib. Türkiyə rəsmiləri bildiriblər ki, terrorçulara qarşı mübarizə davam edəcək. Bu arada Suriya Müdafiə Nazirliyi Rusiya hərbi karvanının Tartusdakı bazaya daxil olmasına icazə verməyib. Məlumata görə, Latakiya əyalətindəki Xmeymim aviabazasından çıxan 30 raket dolu maşın karvanı Suriyanın yeni hökumətinə məxsus qoşunlar tərəfindən Tartus keçid məntəqəsində dayandırılıb. Keçid məntəqəsində səkkiz saat gözlədikdən sonra karvan Xmeymim bazasına qayıtmağa məcbur olub. Bildirilib ki, hadisə Suriya keçid hökumətinin müdafiə naziri Murhaf Əbu Kəsranın “Suriya ona sərfəli olarsa, Tartus və Xmeymimdəki Rusiya hərbi bazalarını öz ərazisində saxlayacaq” açıqlamasından sonra baş verib. Qeyd edək ki, Rusiya hərbçiləri Bəşər Əsəd rejimi ilə razılaşmaya uyğun olaraq 2015-ci ilin avqust ayından etibarən Xmeymim bazasından istifadə edir. Suriyanın keçid hökumətinin qoşunları narkotik və qeyri-qanuni silah ticarəti ilə məşğul olan qaçaqmalçıların da Livanla sərhəddə yerləşən bazalarını məhv ediblər. Məlumata görə, əməliyyat zamanı Əl-Qüseyr şəhəri yaxınlığındakı 7 qəsəbədə Hizbullahla əlaqəli silahlı dəstələr darmadağın edilib.
Siyasi şərhçi Zeynal Əmrəliyev "Sherg.az"a deyib ki, Suriyada Bəşər Əsədin hakimiyyətdən devrilməsindən sonra ölkə idarəetməsini əlinə alan Əhməd Əş-Şaranı çətin günlər gözləyir. Ekspertə görə, yeni prezident vətəndaş müharibəsi nəticəsində dağılmış ölkənin yenidən qurulmasını həyata keçirməlidir:
"Suriya xalqının əsas istədiyi xarabalığa dönən ölkənin yenidən bərpasıdır, sosial ədalətin olduğu bir dövlətin qurulmasıdır. Əhməd əş-Şara bu məsələdə zəngin ərəb ölkələrinə ümid edir. Onun ilk ziyarətini Səudiyyə Ərəbistanına etməsindəki əsas məqsəd də məhz budur. Suriyanın yeni hökuməti ölkəyə investisiya axını cəlb etmək üçün bütün imkanlarını səfərbər etməlidir. Səudiyyə Ərəbistanla bərabər Suriya BƏƏ, Qətər və Küveyt kimi zəngin ölkələrə də ehtiyacı var. Onlar Suriyanın dirçəldilməsinə yardım etməyə hazırdılar. Bunun əsas səbəbi isə İranın bu bölgədə güclənməsinin qarşısını almaqdır. Bu ölkələr yaxşı bilirlər ki, əgər Əş-Şara hökumətinə lazımi dəstək verilməsə, İranın dəstəklədiyi qüvvələr ölkə daxilində çevriliş edə bilər. Təsadüfi deyil ki, yeni hökumət İranın ölkədəki hərbi varlığını ən böyük təhdid adlandırmışdı. Əsəd rejimi hakimiyyətdən devrildikdən sonra Hizbullah Suriya daxilində bir neçə təxribat həyata keçirməyə cəhd edib. Eyni zamanda ölkə daxilində xırda qruplar vasitəsilə də İran indiki hökumətə qarşı təzyiq siyasətini həyata keçirir".
Analitik vurğulayıb ki, təhlükəsizlik və xarici siyasət məsələsində Suriya Türkiyədən asılıdır:
"Əgər Ankara dəstək verməsə, Dəməşqin ölkədəki silahlı qruplarla mübarizə imkanları zəif qalacaq. Türkiyə də eyni zamanda Suriyada qanunsuz silahlı qrupların fəaliyyət göstərməsini arzulamır. Ankara PKK və onun uzantılarının bölgədən çıxarılmasına çalışır. Əş-Şara hökuməti Türkiyənin bu siyasətini dəstəkləməlidir. Yeni hökumətin beynəlxalq birliklə münasibətlərinin qurulması məsələsində də Türkiyəyə ehtiyacı var. Ankaranın öz qonşusundan gözlədiyi terror qruplarını ərazisindən çıxarmasıdır. Türkiyə yaxşı başa düşür ki, Suriyanın imkanları çox da güclü deyil və qısa zamanda Qərbdən və İsraildən güclü dəstəyi olan bu qrupları məhv edə bilməz. Ancaq Ankara bu məsələni vaxtında həll etməlidir. Çünki Suriyanın yenidən qurulması zamanı Qərb ölkələri burada kürd administrasiyası yaratmaq istəyir. Türkiyə özünün terrorçu kimi tanıdığı şəxslərin qonşuluğunda dövlət yaratmasını qəbul edə bilməz. Buna görə Suriyada PKK və ona bağlı təşkilatlara qarşı güclü bir əməliyyat labüddür. Əhməd Əş-Şara öz yaxın müttəfiqinə bu məsələdə lazımi dəstəyi verməlidir. Əgər Suriya hökuməti fərqli mövqe sərgiləyərsə, bu, ümumilikdə regionun gələcəyini təhlükə altına qoyacaq".