
Səudiyyədə Ukrayna-ABŞ danışıqlarının nəticəsi olacaq -Ekspert
ABŞ-nin yaxın günlərdə Ukraynaya silah və hərbi avadanlıqlar təminatını bərpa edəcəyi görünür
Ukrayna və ABŞ nümayəndə heyətləri Səudiyyə Ərəbistanının Ciddə şəhərində növbəti dəfə görüşüblər. Ukraynanı danışıqlarda Prezident Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rüstəm Umerov təmsil edib. ABŞ nümayəndə heyətinə isə Dövlət katibi Marko Rubio rəhbərlik edib. Eyni zamanda, danışıqlaraa milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts da qatılıb. Mayk Uolts tərəflərin hədəfə doğru irəlilədiklərini bildirib. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Ukrayna Prezidenti Volodimir Zelenskinin Prezident Donald Trampdan Ağ Evdəki məlum qalmaqala görə üzr istədiyini iddia edib. O qeyd edib ki, Zelenski Trampa üzrxahlıq məktubu göndərib:
"Zelenski prezidentə məktub göndərdi. O, Oval kabinetdə baş verən hadisəyə görə üzr istədi. Hesab edirəm ki, bu, mühüm addım idi. Komandalarımız, bu işə qarışan ukraynalılar və avropalılar arasında çoxlu müzakirələr oldu. Mən bunu irəliləyiş adlandırardım". Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ-nin Ukraynaya hərbi yardımını dayandırması ilə bağlı “çəhrayı eynək” taxmağa tələsmək lazım deyil. O, Vaşinqtonun Kiyevə hərbi yardımı dayandırması ilə bağlı sevinməməyə çağırıb. Peskov bəyan edib ki, Ukraynaya o qədər çox silah gətirilib ki, tədarük dayandırıldıqdan sonra silahlar aylarca kifayət edəcək. Onun sözlərinə görə, Mask Ukraynanı "Starlink"dən ayırsa, Kiyev yaraqlıları tez bir zamanda alternativ əldə edəcəklər. “Biz həmişə ən yaxşısına ümid etməliyik, amma yenə də ən pisinə hazır olmalıyıq. Biz həmişə öz maraqlarımızı müdafiə etməyə hazır olmalıyıq. İndi çoxları “çəhrayı eynək” taxmağa tələsir və deyirlər ki, indi amerikalılar silah tədarükünü dayandıracaqlar və ya artıq dayanıblar, indi Elon Mask öz rabitə sistemlərini söndürəcək və hər şey bizdə alınacaq. Bu baş vermədən də bizdə hər şey alınacaq”, - Kremlin sözçüsü "Müasir media: mənalı strategiyalar və kadr hazırlığı” mövzusunda elmi-praktik konfransda bildirib. Peskov vurğulayıb ki, Rusiyaya qarşı proksi və kvazi müharibə aparılır, lakin rusiyalı mütəxəssislər də bu sahədə bacarıqlıdırlar. Putinin sözçüsü Rusiyanın informasiya müharibəsində qalib gələcəyinə əmin olduğunu vurğulayıb. Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen bildirib ki, Kreml hərbi sahəyə bütün Avropadan daha çox vəsait xərcləyir. Onun sözlərinə görə, Putin dəfələrlə sübut edib ki, o, düşmən qonşudur və ona etibar edilə bilməz: "Onu yalnız çəkindirmək olar". Lyayen Avropanı müdafiə xərclərini artmağa çağırıb: “İndi illüziyalar dövrü başa çatıb. Avropanın müdafiəsi üçün artıma ehtiyacımız var”. Vurğulayıb ki, Avropanın qarşılaşdığı təhdidlərin dairəsi hər ötən gün daha da genişlənir: “Bu, indiki dövrdə daha təhlükəlidir, Avropa addım atmalıdır”.
Təhlükəsizlik üzrə ekspert, siyasi şərhçi İlqar Altay "Sherg.az"a bildirib ki, ABŞ-nin yaxın günlərdə Ukraynaya silah və hərbi avadanlıqlar təminatını bərpa edəcəyi görünür. Ekspertə görə, Səudiyyədə Ukrayna-ABŞ danışıqlarının nəticəsi hansı addımların atılacağını ortaya qoyacaq:

"Danışıqlar mütləq nəticəli olar, buna şübhə yoxdur. Şübhə olsaydı, yəni razılaşma mətni tam hazır olmasaydı, Vaşinqtondakı məlum qalmaqaldan sonra belə bir görüş keçirilməzdi. Görüşə Ukrayna və ABŞ-nin yüksək şəxsləri boş-boşuna getməzdilər. Tramp administrasiyası bildirib ki, faydalı qazıntılar üzrə razılaşma baş tutan kimi Ukrayna üçün Rusiyanın əleyhinə ABŞ kəşfiyyat mənbələrinin ötürülməsi bərpa ediləcək. Sonra Tramp Putinin üzərinə gedəcək ki, "Ukrayna tərəfi qarşılıqlı güzəştlərlə sülhə razıdır, sən də, gəl razılaş". Trampın əsl problemi bax, o zaman başlayacaq. Tramp Ukrayna və Avropanın hazırlıqsız seytnot anında Ukraynanı Rusiyaya təhvil verib, Avropanı da köməksiz qoyarsa, yaxın müttəfiqlərini itirə bilər.
Ekspertin fikrincə, bu, həm də Avropa və Ukraynanın Putinin nüvə silahlı ordusu qarşısında ciddi çətinliyə düşməsi, müharibənin uzanması deməkdir:
"Avropa və Ukraynaya köməkdən imtina, ABŞ üçün ən yaxın müttəfiq regionu sonu görünməyən xeyli uzun müharibə bataqlığına salar. Rusiyanın konflikti ABŞ-nin vacib geosiyasi maraqlarına toxunacaq qədər çox regionlara genişləndirmə imkanı yaradar. Trampın bu cür siyasəti ABŞ-nin dünya üzrə stabillik qarantı lideri imicini və anlayışını dəyişə, sarsıda bilər. Bu da ABŞ daxilində böyük ictimai-siyasi narazılığa gətirib çıxarar. Əksər amerikalı müttəfiqlərə köməyi mütləq sayırlar. Ağ Ev rəhbərinin tutduğu yol ABŞ-nin Avropada təsirinin azalmasına, Çin, İran, Rusiya kimi rəqiblərin dünyada daha çox əl-qol açıb aqressivləşməsinə gətirib çıxarar. Rusiyanın güclənməsi ABŞ-nin ziyanına çevriləcək. Ona görə də Tramp və komandası gedişatın ağır nəticələri barədə düşünməli və beynəlxalq münasibətləri, dünya nizamını korlamamalıdır".