Bununla türkmanların hökumətdə təmsilçilik məsələsi öz həllini tapmış oldu
Suriya Milli Ordusunun II korpus komandiri Fehim İsa müdafiə nazirinin köməkçisi və şimal regionu üzrə komandan təyin edilib.
Milliyətcə türkman (azərbaycanlı - red.) olan İsanın bu vəzifəyə gətrilməsi şimalda hərbi idarəçilik tələb edən YPG/PKK-ya xəbərdarlıq mesajı kimi şərh edilir.
Qeyd edilir ki, F.İsa 2023-cü ildə Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə görüşmüşdü.
Politoloq Oqtay Qasımov "Sherg.az"a bildirib ki, Suriyadakı rejimin dəyişməsində ən önəmli aktorlardan biri olan və ölkədə etnik tərkib etibarilə sayca ikinci yerdə qərarlaşan türkmanlərin böyük rolu var:
.jpg)
"Məhz onların silahlı qüvvələrinin vasitəsilə rejimin yıxılması sürətlənib. Hazırda İdlib ətrafı və bəzi ərazilərin nəzarətə götürülməsi, eyni zamanda Suriyanın şimal-şərqində PKK/YPG-yə qarşı uğurlu əməliyyatların aparılmasında türkman qruplarının olduqca ciddi rolu da danılmazdır. Digər tərəfdən Suriyada bir müddət öncə yeni tərkib elan olunanda kifayət qədər geniş sual doğuran məqamlar ortaya çıxdı. Bəşər Əsəd rejiminin devrilməsində böyük rol oynayan türkmanlar hökumətdə yer almadılar. Bu isə haqlı narazılıq yaratdı".
Politoloq vurğulayıb ki, Fehim İsanın müdafiə nazirinin köməkçisi və şimal regionu üzrə komandir təyin edilməsi ciddi hadisədir:
"Bununla türkmanların hökumətdə təmsilçilik məsələsi öz həllini tapmış oldu. Ümumiyyətlə Suriyada yeni hakimiyyət stabil, güclü və dayanıqlı olmaq istəyirsə, bütün etnik qruplar, həmçinin dini qurumlara qarşı qucaqlayıcı siyasət aparmalıdır".