Cəmiyyətin hazır olmadığı islahatlar böhrana gətirib çıxarır
Realist və çoxşaxəli xarici siyasət yürütməyən dövlətlər, başqa güclərin alətinə çevrilmə riski ilə üzləşirlər
Keçmiş SSRİ məkanında baş verənlər xarici siyasət faktorunun dövlətlər üçün necə əhəmiyyət daşıdığını bir daha göstərdi. 1991-ci ildə müstəqilliklərini bərpa edən dövlətlər ilk illərdən bugünədək sözün həqiqi mənasında müstəqil və suveren olmaq üçün bir sıra vacib prinsipləri reallaşdırmalı idilər. Bu prinsiplər sırasında ilk növbədə - milli maraqlar, suverenlik və təhlükəsizlik dayanır. Sonrakı hadisələr göstərdi ki, heç də hər kəs qarşısında dayanan çağırışların öhdəsindən gəlməyi bacarmadı. Məsələn, Ukrayna, Gürcüstan, Moldova və Ermənistan bunun sübutudur. Ermənistanın əvvəlcə Rusiyaya, sonra Qərbə, Ukrayna, Gürcüstan və Moldovanın isə Qərbə ümid etmələrinin nəticəsi hər kəsin gözü qabağındadır.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov "Sherg.az"a deyib ki, xarici qüvvələrə həddindən artıq bel bağlayan və öz milli maraqlarını ikinci plana atan dövlətlər uzunmüddətli perspektivdə arzuolunmaz nəticələrlə qarşılaşırlar. Ekspert diqqətə çatdırıb ki, iqtisadi, hərbi və ya siyasi yardım almaq qarşılığında daxili siyasəti uyğunlaşdırmaq birtərəfli asılılıq yaradır:
"Qərbin maraqları isə heç də hər zaman həmin dövlətin maraqları ilə üst-üstə düşmür. Bu vəziyyətdə həmin ölkə öz suveren qərarvermə imkanını itirə bilər. Çoxsaylı nümunələr göstərir ki, Qərb vədlər versə də, bu vədlər ya gec yerinə yetirilir, ya da ümumiyyətlə, yerinə yetirilmir. Məsələn, postsovet məkanında və ya Yaxın Şərqdə Qərbdən dəstək gözləyən, lakin arxasında real güc tapa bilməyən dövlətlərin aqibəti göz qabağındadır. Qərb strukturlarına inteqrasiya bəzi hallarda daxili ideoloji, mədəni və sosial sistemin dəyişdirilməsini tələb edir. Bu isə ictimai narazılığa və daxili qarşıdurmalara səbəb ola bilər. Cəmiyyətin hazır olmadığı islahatlar böhrana səbəb ola bilər. Milli kimliyin bilərəkdən zəiflədilməsi, yad ideologiyaların, həyat tərzinin sırınması. Nəticədə soya bağlılıq və identiklik itirilir".
Z.Məmmədov bildirib ki, bir dövlət Qərbə yaxınlaşdıqda, regiondakı digər güclər (Rusiya, Çin, İran və s.) bundan narahat olur və qarşı tədbirlər görür:
"Bu da həmin dövləti geosiyasi oyun meydanına çevirir və nəticədə stabillik pozulur. Əslində, adıçəkilən dövlətlərlə müqayisədə Azərbaycan daha çox çağırışlarla üz-üzə idi. Coğrafi baxımdan bir-birinə qarşı olan dövlətlərin Azərbaycan uğrunda geosiyasi mübarizəsi gedirdi. Nəticə olaraq Qərbə yönəlmək və ondan dəstək almağa çalışmaq prinsip etibarilə yanlış deyil. Amma bu, yalnız öz milli maraqları və uzunmüddətli strateji plan çərçivəsində aparılmalıdır. Realist və çoxşaxəli xarici siyasət yürütməyən dövlətlər, başqa güclərin alətinə çevrilmə riski ilə üzləşirlər. Qərbə “bel ağlamaq” yerinə, onunla praqmatik əməkdaşlıq etmək daha rasional yanaşmadır".