Faktiki olaraq bu gün Ukraynanın bölüşdürülməsi prosesi gedir -RƏY

 "Ukrayna Qərb ölkələri, yəni ABŞ və Avropa ilə Rusiya arasında bölüşdürülür”

"Aprelin 24-nə keçən gecə Kiyevə edilən və azı 12 nəfərin həyatına son qoyan hücumu Rusiya işğalçı qüvvələri Şimali Koreyada istehsal olunan ballistik raketdən istifadə edərək həyata keçirib". Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Onun sözlərinə görə, hazırda Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələri bütün detalları yoxlayır: "Şimali Koreyada bu raketin istehsalı ilə bağlı məlumat təsdiqlənərsə, bu, Rusiya ilə Pxenyan arasındakı ittifaqın cinayətkarlığına daha bir sübut olacaq. Onlar insanları öldürürlər. Rusiya daim bu cür silahlardan - raketlərdən, artilleriyadan istifadə edir. Bunun müqabilində Pxenyan öz silahlarını real müharibə şəraitində daha ölümcül vəziyyətə yoxlamaq imkanı əldə edib". Zelenskinin sözlərinə görə, dünyanın heç bir ölkəsi bu cür təhlükələr qarşısında tək qalmamalıdır. Qeyd edək ki, aprelin 24-nə keçən gecə Rusiya qüvvələri Ukraynaya kütləvi hücuma keçib. Ruslar X-101, "Kalibr", ballistik raketlər və pilotsuz təyyarələrdən istifadə edib.
Amerikalı siyasi ekspert Mark Çempion deyib ki, ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü sülh planı uğursuzluğa məhkumdur, çünki o, Ukraynaya təhlükəsizlik zəmanəti vermədən bütün təsir imkanlarını Rusiyaya ötürür: “ABŞ deyir ki, Ukrayna sazişi qəbul etməlidir ki, hamı “daha ​​yaxşı Ukrayna” qurmağa davam etsin. Bu, düzgün məqsəddir, amma razılaşma olduğu kimi yazılsa, bu, mümkün olmayacaq”. M.Çempionun fikrincə, potensial razılaşmanın yeddi bəndindən ikisi göstəricidir: dərhal atəşkəs, ardınca isə Moskva ilə Kiyev arasında birbaşa danışıqlar: "Beləliklə, bu, böyük sülh sazişi deyil, Donald Trampın bir ay əvvəl təklif etdiyi qeyd-şərtsiz atəşkəs üçün Rusiyanın şərtlərinin qəbul edilməsidir”.
Kiyev meri Vitali Kliçko deyib ki, Ukrayna Donald Trampın artan təzyiqləri fonunda Rusiya ilə sülh sazişi çərçivəsində bəzi ərazilərdən imtina etmək məcburiyyətində qala bilər: “Ssenarilərdən biri ərazilərdən imtinadır. Bu, ədalətli deyil, amma müvəqqəti də olsa, sülh üçün həll yolu ola bilər”. Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski razılığa gəlmək üçün ağrılı qərar qəbul etməyə məcbur ola bilər.

Politoloq Qulamhüseyn Əlibəyli deyib ki, Rusiya prezidentinin məqsədi müəyyən qədər vaxt qazanmaq və növbəti hərbi həmləyə hazırlıq görmək niyyəti güdür. Ekspert vurğulayıb ki, əslində, ABŞ-də Tramp administrasiyasının fəaliyyəti Rusiyanın "əlinə oynamaq" kimi qiymətləndirilə bilər: 
"Yəni Tramp administrasiyası bir növ Rusiyanı şirnikləndirdi. Çünki Ağ Ev çalışırdı ki, Ukraynada ilk növbədə öz maraqlarını təmin etsin. Atəşkəs və sülh ABŞ-nin maraqlarına uyğun həyata keçirilsin. ABŞ-dən bu və ya digər dərəcədə asılı olan Avropa ölkələri bu məsələyə ürəklə yanaşmasalar da, Ukraynaya dəstəyin davam edəcəyini vurğuladılar. Putin həvəslənərək geosiyasi gedişlərini genişləndirməyə başladı. Ukraynaya hücum edərək, yeni əraziləri ələ keçirdi. Nəticədə Rusiyanın işğal etdiyi ərazilərin Moskvanın nəzarətində qalması şərti kimi məsələlər gündəmə çıxdı. Rusiya düşünür ki, ABŞ-nin indiki mövqeyi ilə istənilən məsələni gec-tez həll etmək mümkündür. Ona görə də ABŞ-ni müvəqqəti olaraq oyundan kənarlaşdırmaq, hərbi eskalasiyanı gücləndirmək, ilhaq üçün müəyyən baza yaratmaq məqsədi güdür". 
Analitikə görə, faktiki olaraq bu gün Ukraynanın bölüşdürülməsi prosesi gedir: "Ukrayna Qərb ölkələri, yəni ABŞ və Avropa ilə Rusiya arasında bölüşdürülür. Amerika rəsmiləri dəfələrlə bildiriblər ki, müharibə dövründə Rusiyanın işğal etdiyi ərazilər Kremlin nəzarətində qala bilər. O cümlədən Krımın da Rusiyanın nəzarətində qalmasına razılıq verirlər. ABŞ Ukraynadan istədiyini alıb, təbii sərvətlərlə bağlı sazişin imzalanmasını Kiyevlə razılaşdırıb. Avropa ölkələri də öz maraqlarını təmin etməyə çalışırlar. Əslində, mahiyyət etibarı ilə heç kimi müharibəni dayandırmaq barədə düşünmür. Rusiya da bundan ruhlanaraq öz ambisiyalarını daha sərt formada təmin etməkdədir".