Trampın sərt çıxışının nə dərəcədə effekt verəcəyi sual altındadır -Politoloq

ABŞ Prezidenti Donald Tramp iyulun 14-də Rusiya ilə bağlı ciddi bəyanatla çıxış edəcək.
O, bu barədə “NBC News” telekanalına müsahibəsində bildirib.
“Düşünürəm ki, bazar ertəsi Rusiya ilə bağlı böyük bir açıqlama verəcəyəm”, - o deyib. 
Amerika lideri qarşıdakı bəyanatın məzmunu ilə bağlı hər hansı təfərrüat açıqlamayıb.
“Rusiya ilə bağlı məyus oldum. Önümüzdəki bir neçə həftə ərzində nə olacağını görəcəyik”, - Tramp əlavə edib.
Politoloq Əhəd Məmmədli “Sherg.az”a deyib ki, Tramp bir-birinin əksi bəyanatlar verdiyi üçün dünyanın bir qismi ona ciddi yanaşmır:
“Tramp sərt çıxış edə bilər. Ancaq bunun nə dərəcədə effekt verəcəyi sual altındadır. Ümumiyyətlə ABŞ-Rusiya münasibətləri biraz düzəlməyə başlamışdı ki, yenə gərginləşdirdilər. Digər tərəfdən ABŞ və Rusiya kimi ölkələri bəyanatlar gərginləşdirmir. Bu bəyanatların arxasınca ABŞ-i Ukraynaya dəstəyi verməsə, vəziyyət yaxşı olacaq. Amma Ukraynaya real dəstək davam etsə, münasibətlər gərginləşəcək. Ümumiyyətlə real geoplatikada münasibətləri bəyanatlar deyil, tərəflərin bir-birinə qarşı hərəkətləri gərginləşdirir və ya da istiləşdirir. Burada əsas ABŞ-nin Ukraynaya dəstəyi və Rusiyaya qarşı sanksiyaların davam etməsidir”. 
Kəmalə Vəliyeva