
Netanyahu dilemma qarşısında: Qəzza əməliyyatları İsrail siyasətində ziddiyyətləri dərinləşdirir
13:21 25.08.2025
Dünya
573
Zamirin verdiyi açıqlama həm də ictimai rəyə yönəlik bir mesajdır
2023-cü ilin oktyabr ayında HƏMAS-ın İsrailə qarşı həyata keçirdiyi gözlənilməz hücumdan sonra regionda gərginlik yeni mərhələyə qədəm qoydu. Bu hücum İsrailin təhlükəsizlik sistemində ciddi suallar doğurmaqla yanaşı, ölkənin siyasi və hərbi rəhbərliyi arasında ziddiyyətlərin daha da dərinləşməsinə səbəb oldu. Ardınca başlayan Qəzza əməliyyatları həm İsrailin hərbi strategiyasını, həm də daxili ictimai-siyasi münasibətlərini formalaşdıran əsas faktor halına gəldi. Xüsusilə girovlar məsələsi bu prosesin ən həssas və mübahisəli mövzularından birinə çevrilib. HƏMAS-ın əlində saxladığı israilli girovlar təkcə humanitar deyil, həm də ciddi siyasi problem kimi İsrail rəhbərliyini seçim qarşısında qoyur.
Belə bir məqamda İsrail ordusunun yüksək rütbəli nümayəndəsi, İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Baş Qərargah rəisi general-leytenant Eyal Zamir məsələ ilə bağlı verdiyi açıqlamada bildirib ki, "Girovlarla bağlı saziş masanın üzərindədir, onu qəbul etməliyik". O, Hayfa dəniz bazasına səfəri zamanı həmçinin qeyd edib ki, “SAXAL saziş üçün şərait yaratdı, indi o, Netanyahunun əlindədir".
Siyasi şərhçi Asif Nərimanlı mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:

"Bu açıqlama əslində İsrail daxilində müəyyən fikir ayrılıqlarının yarandığını göstərir. İsrail ordusunun yüksək rütbəli nümayəndəsi, "SAXAL"ın (IDF) komandiri Eyal Zamirin verdiyi bu bəyanat Netanyahu hakimiyyətinə təzyiq göstərmək məqsədi daşıyır. Qəzza müharibəsi başladıqdan sonra İsraildə əsas gündəm girovlarla bağlı problemin həlli olub. Girov məsələsi İsrail üçün prioritet hesab olunsa da, müharibə gedişində bu məsələ zaman-zaman onun üçün çətinliyə çevrilib. Çünki HƏMAS bu vəziyyətdən İsrailə qarşı təzyiq vasitəsi kimi istifadə edir. Bu isə Netanyahu hökumətinin əsas məqsədi olan "HƏMAS-ı tamamilə sıradan çıxarmaq və Qəzzaya tam nəzarət əldə etmək" ilə uyğun gəlmir.
Girov məsələsi İsrailin zəif nöqtəsidir və HƏMAS bunu daim razılaşma üçün bir rıçaq kimi istifadə edir. Zamirin “Girovlarla bağlı məsələ masanın üzərindədir və hər şey Netanyahunun əlindədir” açıqlaması da İsrail daxilindəki ziddiyyətlərin göstəricisidir. İsrail ictimaiyyətində əsas prioritet girovların azad edilməsidir. Bunun üçün Netanyahu hökuməti HƏMAS-a müəyyən güzəştlərə getməlidir. Bu güzəştlərin konkret nədən ibarət olduğu dəqiq bilinməsə də, HƏMAS-ın məqsədləri məlumdur".
Siyasi şərhçi HƏMAS-ın atəşkəsin əldə edilməsini və tam şəkildə tərksilah edilməmək istədiyini bildirib:
"Beləliklə HƏMAS müəyyən qədər zaman qazanaraq özünü toparlamağa çalışır. Netanyahu isə bu imkanı vermək istəmir və başladığı prosesi tamamlamağa can atır. Girov məsələsi Netanyahu hakimiyyətini ciddi dilemma qarşısında qoyur. İsrail ya girovların azad olunmasını sonraya saxlayaraq hərbi əməliyyatları tam yekunlaşdırmalı və HƏMAS üzərində nəzarəti ələ almalıdır, ya da daxili ictimai rəyə cavab olaraq müəyyən güzəştlərə getməli, girovların azad edilməsinə nail olmalıdır. Zamirin verdiyi açıqlama həm də ictimai rəyə yönəlik bir mesajdır. Ordu bu məsələyə hazırdır, lakin qərar vermək Netanyahunun səlahiyyətindədir".
Müsahib yaxın gələcəkdə Netanyahu hökumətinin girovlar məsələsində razılaşma əldə etməyə çalışacağının gözlənildiyini söyləyib:
"Bu istiqamətdə bir neçə əsas faktor rol oynayır: daxili ictimai narazılıq, ABŞ-nin atəşkəsin əldə olunmasına dair təzyiqləri və Qəzza üzrə razılaşmanın əldə edilməsinə yönəlmiş beynəlxalq səylər.
Nəticə proseslərin inkişafından və xüsusilə HƏMAS-ın razılaşma qarşılığında irəli sürəcəyi tələblərdən asılı olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya