Artıq yəhudilər də anlayır: Netanyahu yəhudi xalqına xidmət etmir

“Belə görünür ki, regionu və dünyanı xaosa sürükləyən plan işləyir"
İsrailin sentyabrın 9-da HƏMAS rəhbərliyinin yüksək rütbəli üzvlərini hədəf alaraq Dohanın yaşayış massivindəki binalara hücum etməsi əksər ölkələrin sərt tənqidinə səbəb olub. Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman əs-Sani deyib ki, Qətərin bir neçə təhlükəsizlik xidməti əməkdaşı İsrailin Dohaya zərbələri zamanı yaralanıb, onlardan birinin vəziyyəti olduqca ağırdır: "Xəsarət alanlar, çox təhlükəli vəziyyətdə olanlar, ağır durumda olan zabit var". Onun sözlərinə görə, İsrail baş naziri Dohaya hücuma görə məsuliyyətə cəlb edilməlidir. Nazir Beynəlxalq Cinayət Məhkəməsinin Benyamin Netanyahuya qarşı orderini xatırladıb. İsrail Baş naziri Benyamin Netanyahu isə Dohada HƏMAS liderlərinə endirilən zərbələrdən sonra ilk dəfə olaraq birbaşa Qətəri "terrorçulara sığınacaq verməkdə" ittiham edib. İsrailin ABŞ-dəki səfiri Yehiel Layter də deyib ki, İsrail Qətərdə çərşənbə axşamı həyata keçirdiyi hava zərbəsində HƏMAS liderlərini öldürə bilməsə də, növbəti dəfə buna nail olacaq: "Biz terrorçuları xəbərdar etmişik, harada olurlarsa olsunlar, onları təqib edəcəyik və bizi məhv etmək istəyənləri məhv edəcəyik". Fransa Prezidenti Emmanuel Makron Qətər əmiri Şeyx Təmim bin Həməd əs-Sani ilə telefon əlaqəsi saxlayıb. Söhbət zamanı Makron bu zərbələrin qəbuledilməz olduğunu və onları pislədiyimi bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bildirib ki, İsrailin Dohaya endirdiyi zərbə qəbuledilməzdir və dost Qətərin suverenliyinin pozulmasıdır. Lavrov Rusiyanın Qətər rəhbərliyi və xalqı ilə həmrəy olduğunu qeyd edib: "Ölən Qətər vətəndaşlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalması diləyirəm". 
Siyasi şərhçi Kənan Rövşənoğlu Sherg.az-a deyib ki, ərəb ölkələri ABŞ-dən asılı olduqları üçün İsrailə cavab verə bilmirlər. Ekspert bildirib ki, əgər İsrailə qarşılıq versəydilər, ilk növbədə Qəzzaya görə təzyiq edərdilər: 
"Mənim diqqətimi nə çəkdi? Qətər ABŞ-nin regiondakı əsas müttəfiqlərindən biridir. Doğrudur, Qətər hakimiyyəti əsasən demokratlar (qlobalistlər) ilə yaxındır. Trampın əvvəlki prezidentliyi dövründə ərəb ölkələri Qətəri təcrid edib, az qala işğal edirdilər, Türkiyə araya girdi. Ancaq hər bir halda Qətər ABŞ üçün vacib tərəfdaşıdır. Ona belə alçaldıcı hərəkətə imkan vermək olmazdı. Ən azı etibarlı vasitəçi olduğu üçün. Fikrimcə, Netanyahuya bu qədər əl-qol açmaq imkanını verən ABŞ-nin hazırkı hakimiyyətindəki yevangelistlərdir. Bildiyiniz kimi, bundan əvvəl oğul Corc Buşun və indi Trampın əsas elektoral və lobbi dəstəkçisi yevangelist icma olub. İcma dediyin yəni böyük gücdən söhbət gedir. Bu dəstəyin isə sırf "Zühur və Qiyamətlə" əlaqəsi var. Yəvangelist inancına görə, Məsihin zühurunun baş verməsi üçün dünyada, xüsusən də Orta Şərqdə xaos və anarxiya baş verməlidir. Bir sözlə, dünyada xaos baş verməlidir ki, "Qiyamət və Zühur" baş versin". 
Analitik xatırladıb ki, 1969-cu ildə avstraliyalı yevangelist Denis Rohan Qüdsdə əl-Əqsa məscidini məhz müsəlmanlar və yəhudilər arasında böyük müharibə olması üçün yandırmışdı: 
"Hərçənd, ərəblər Denisin bu təxribatına uyub yəhudilərə qarşı qalxmadılar. Amma məqsəd dəyişməyib. İndi Netanyahunun İsrailin 4 yanındakı müsəlman ölkələrinə hücumlarına şərait yaratmasının məqsədi, düşünürəm ki, həm də həmin Zühura xidmət etməkdir. Yoxsa hər kəs anlayır ki, İsrailin ona dost olan ərəb dövlətlərinə aqressiv hücumunun başqa bir izahı yoxdur. Halbuki, bir neçə il əvvələ qədər İsrail ərəb ölkələri ilə barışıq sazişi imzalayıb, birgə idman yarışları keçirirdi. Ancaq indi o ölkələri bombalayır. Sanki müharibə girdabının daha da dərinləşməsi üçün kimlərsə kənardan işləyir. Netanyahu da gizli şəkildə bu düşüncəyə xidmət edir. Bunu artıq yəhudilər də anlayır ki, Netanyahu yəhudi xalqına xidmət etmir. Belə görünür ki, regionu və dünyanı xaosa sürükləyən plan işləyir".