Qulamhüseyn Əlibəyli: "İsrail strateji müttəfiqlik münasibətlərində olmasa da, yaxından əməkdaşlıq etdiyi Azərbaycandan çox şey öyrənə bilər"
İsrail qüvvələri Qəzzada quru əməliyyatına başlayıb. Baş nazir Benyamin Netanyahu qəzzalılara xəbərdarlıq edərək şəhəri boşaltmalarını tələb edib. Qeyd edilir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrailə mane olmaq niyyətində deyil və münaqişə ilə bağlı qərarları onun özünə buraxıb. ABŞ Dövlət katibi Marko Rubio İsrailin Baş naziri Benyamin Netanyahuyla görüşdə Vaşinqtonun "quru əməliyyatını dəstəklədiyini, lakin onun tez və mümkün qədər qısa müddətdə başa çatmasını gözlədiyini" bildirib. Qəzzada girov saxlanılanların ailələri İsrailin Baş naziri Benyamin Netanyahunun Qüds iqamətgahı qarşısında etiraz aksiyası təşkil ediblər. Məlumata görə, girovların ailələri İsrail ordusunun Qəzza şəhərində quru əməliyyatlarına başladığı və onların yaxınlarını təhlükə altına atacağından qorxduqları üçün etiraz aksiyası keçirirlər. Fələstin mediası İsrail Müdafiə Qüvvələrinin Qəzza şəhərini döyüş təyyarələri, artilleriya və pilotsuz təyyarələrlə vurduğunu və bunun nəticəsində güclü partlayışlara səbəb olduğunu bildirib. Hətta mərkəzi İsrailin sakinləri də zərbələrdən titrəyişlər hiss etdiklərini deyiblər. Bu arada Netanyahu Qətərə hava hücumuna bəraət qazandırmaq istərkən bildirib ki, terrorçulara sığınacaq verən ölkələrin suverenliyi toxunulmaz sayıla bilməz və ölkəsinin HƏMAS rəhbərliyini aradan qaldırmaq məqsədilə həyata keçirdiyi əməliyyat beynəlxalq hüquqa zidd deyil. Onun sözlərinə görə, Qətərin paytaxtı Dohada yerləşən HƏMAS təşkilatının rəhbərliyinə hücumu uğursuz adlandırmaq olmaz, çünki onun nəticələri hələ də dəqiqləşdirilir. Xatırladaq ki, sentyabrın 9-u İsrail Dohada HƏMAS rəsmilərinə qarşı sui-qəsd cəhdi edib, hücum nəticəsində 6 nəfər ölüb.
Politoloq Qulamhüseyn Əlibəyli Sherg.az-a deyib ki, terrorçuluqla mübarizə aparmaq zəruridir. Lakin bu mübarizə eyniylə terror yolu ilə aparılmamalıdır. Ekspert vurğulayıb ki, "terrorla mübarizə" adı altında dinc insanların etnik mənsubiyyətinə görə qətlinə, mülki əhalinin blokadada saxlanmasına, müəyyən etnosa mənsub olan şəxslərin əsrlər boyu yaşadığı torpaqlardan qovulmasına, həmin ərazilərin zorla İsrailə ilhaq edilməsinə göz yumula bilməz:

"Bu gün terrorçuluqla mübarizə aparmaq istəyən İsrail strateji müttəfiqlik münasibətlərində olmasa da, yaxından əməkdaşlıq etdiyi Azərbaycandan çox şey öyrənə bilər. Nə 44 günlük Vətən müharibəsi, nə də bir günlük antiterror əməliyyatı zamanı bir nəfər də olsun burnu qanayan dinc erməni sakini tapılmadı. BMT-nin məlum qətnaməsinin ziddinə olaraq, təxminən 80 il müddətində müstəqil Fələstin dövlətinin yaranmasına imkan verilməyib. Fələstinlilər yaşayan əraziləri tədricən zorla ilhaq ediblər. Bu gün Yaxın və Orta Şərq regionunda terror probleminin həllinə kömək edəcək yollardan biri də müstəqil Fələstin dövlətinin yaranması ola bilər. Lakin görünür, müstəqil Fələstin dövlətinin yaranması Natanyahu kimilərə sərf eləmir. Bu tip adamlara terrorçuluqla mübarizə adı altında başqa dövlətlərə təcavüz etmək, başqa xalqların torpaqlarını ələ keçirib zorla ilhaq etmək daha şirnikləndirici görünür. "Terrorçulara sığınacaq verən ölkələrin suverenliyi toxunulmaz sayıla bilməz" fikri bir çox ölkəni legitim hədəfə çevirə bilər. Hansısa ölkə bu bəhanədən elə İsrailin özünə qarşı istifadə edər və bu, heç də təəccüblü qarşılanmaz".