
Tramp Çin vasitəsilə Rusiyaya təzyiq mexanizmini işə salmaq istəyir -ŞƏRH
10:58 30.10.2025
Dünya
399
Oqtay Qasımov: “Çin Rusiyanın məğlub olmasına imkan verməyəcək”
Moskva artıq Çinin kiçik ortağına çevrilib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin lideri Si Cinpinlə görüş zamanı Ukrayna məsələsini də müzakirə edib.
Bu barədə Donald Tramp görüşdən sonra jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, tərəflər mövcud vəziyyətlə bağlı müəyyən addımlar atmaq barədə razılığa gəliblər:
"Biz nəyisə birlikdə etməyə çalışacağıq. Hər iki tərəf döyüşlərin içindədir. Si Cinpin bizə Ukrayna məsələsində kömək edəcək, amma əslində bizim edəcəyimiz çox şey yoxdur".
Eyni zamanda danışıqların əvvəlində Si Cinpin ikitərəfli münasibətlərin mütərəqqi inkişafına çağırıb.
O, həmçinin qeyd edib ki, Çin və ABŞ müzakirəçiləri ticarət və iqtisadi fikir ayrılıqlarının həlli ilə bağlı ciddi konsensusa nail olublar. Tramp da öz növbəsində Si Cinpinlə görüşünün çox uğurlu olacağına əminliyini ifadə edib.
Bu danışıqlardan əvvəl Tramp və Si Cinpin 2019-cu ildə Osakada keçirilən G20 sammiti çərçivəsində görüşüblər.Politoloq Oqtay Qasımov Sherg.az-a bildirib ki, Donald Trampın Si Cinpinlə görüşündə, müzakirə olunan əsas məsələlərdən biri Ukrayna məsələsi idi:

"Görüşün gündəliyində həmçinin iki ölkə arasında münasibətlər, ticarət və tariflər, Tayvan məsələsi, eləcə də Asiya-Sakit okean regionundakı vəziyyət kimi mühüm mövzular da yer alırdı. Ukrayna-Rusiya müharibəsi bu müzakirələrin vacib hissəsini təşkil edirdi. Hazırda ABŞ Rusiya və Ukrayna arasında atəşkəsin əldə olunmasına çalışır. Bu istiqamətdə müəyyən fəaliyyətlər həyata keçirilir, Putinlə görüşlər və telefon danışıqları olub. Lakin hələ ki, ortada konkret nəticə yoxdur. Çin bu müharibədə birbaşa iştirak etmir. Lakin açıq şəkildə bəyan edib ki, Rusiyanın məğlub olmasında maraqlı deyil və buna imkan verməyəcək. Xatırladaq ki, bu ilin may ayında Çin Xarici İşlər Nazirliyinin Avropaya səfəri zamanı səsləndirdiyi bəyanatlar da bunu təsdiqləyirdi. Digər tərəfdən, Çin dolayı yolla Rusiyanı dəstəkləyir. Ona yüksək texnologiyalar, çip və digər ikili təyinatlı mallar satır, eyni zamanda Rusiyadan ucuz neft alır. Bu da Rusiyanın müharibəni davam etdirməsi və maliyyə mənbələrinin qorunması baxımından Çinin mühüm dəstəyidir. Məhz bu səbəbdən Donald Tramp Si Cinpinlə görüşdə Pekinin Moskva ilə münasibətlərindən və təsir imkanlarından istifadə etməyə çalışır. Çünki Ukrayna müharibəsinin başlanması Rusiyanın Çindən asılılığını ciddi şəkildə artırıb. Əgər dörd il əvvəl iki ölkə arasında ticarət dövriyyəsi 140 milyard dollar idisə, hazırda bu rəqəm 250 milyard dollardan çoxdur. Bu artım əsasən Rusiyanın Çindən idxal etdiyi malların hesabınadır. Nəticə etibarilə Moskvanın Pekindən iqtisadi asılılığı daha da güclənir. Eyni zamanda, Çin hazırda Rusiya enerji daşıyıcılarının – qaz və neftin əsas alıcısı və vasitəçisi kimi çıxış edir. Bu da asılılıq dərəcəsini daha da artırır. Bir müddət əvvəl Ukrayna prezidenti Volodimir Zelenski də bəyan etmişdi ki, Çin Ukraynanın bu müharibədə qalib gəlməsini istəmir və Rusiyanın məğlubiyyətinə razı deyil. Düşünmək olar ki, Donald Tramp da məhz Çinin Rusiya üzərindəki təsir imkanlarını nəzərə alaraq, Pekini bu prosesə cəlb etməyə və müharibəni dayandırmağa çalışır".
Analitik qeyd edib ki, hazırda Rusiya faktiki olaraq Çinin “kiçik ortağı” rolunu oynayır:
"Təxminən iki ay əvvəl Vladimir Putin də Çinə səfər etmiş, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində Si Cinpinlə görüşmüş və hərbi paradda yer almışdı. Bu, Çinin özünü dünyanın ikinci güc mərkəzi kimi təqdim etməsinin göstəricisi hesab olunur. Artıq Çin qlobal iddialarını açıq şəkildə ortaya qoyur, beynəlxalq siyasi proseslərə daha fəal şəkildə müdaxilə edir.
ABŞ isə görünür, Çinin bu yeni rolunu qəbul etməyə hazırlaşır. Məhz bu səbəbdən Vaşinqton Çinlə əməkdaşlıq edərək, onu Rusiya-Ukrayna müharibəsinin dayandırılması prosesinə cəlb etmək istəyir. Çin də bu prosesdə iştirak etməyə maraqlıdır. Çünki bu, onun “ikinci qlobal güc” statusunun ABŞ tərəfindən tanınması baxımından əhəmiyyətlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya