ABŞ-ın Tennessi ştatında fəhlə köhnə ferma evinin yağış novlarını təmizləyərkən XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid qiymətli sikkələrdən ibarət xəzinə aşkar edib.
Sherg.az xəbər verir ki, bu barədə “AgWeb” portalı məlumat yayıb.
Hadisə Tennessi ştatının cənubunda baş verib. Yeni evlənmiş cütlük binaya texniki xidmət göstərilməsi üçün fəhlə işə götürüb. İş zamanı nərdivan üzərində olan kişi evin daş divarının arxasında parıldayan əşya görüb. Məlum olub ki, son günlər yağan yağışlar torpağı yuyaraq gizlədilmiş qabların metal qapaqlarını üzə çıxarıb.
Gizli yerdən içərisi qədim sikkələrlə dolu beş şüşə banka çıxarılıb. Tapıntının əsas hissəsini 1933-cü ildən əvvəl zərb edilmiş ABŞ qızıl sikkələri, həmçinin “Morgan” və “Peace” seriyalarına aid məşhur gümüş dollarlar təşkil edib. Ekspertlərin qiymətləndirməsinə görə, kolleksiya torpağın altında bir neçə onillik ərzində qalıb.
Aşkar edilən sikkə kolleksiyasını ev sahiblərindən artıq Neşvildə fəaliyyət göstərən diler Kayl Danmar satın alıb. Alqı-satqının maliyyə detalları və ümumi dəyəri açıqlanmayıb.
Qeyd edək ki, bu ilin aprelində iki turist Çexiyanın şimal-şərqindəki dağlıq ərazidə gəzinti zamanı qızıl sikkələrlə dolu banka tapmışdı. Onlar sikkələri muzeyə təhvil verərək bunun müqabilində təxminən yarım milyon avro əldə etmişdilər.