ABŞ-dən Danimarkaya müharibə mesajı: Qrenlandiya bizim olmalıdır

ABŞ Prezident Administrasiyası rəhbərinin müavini Stiven Miller Qrenlandiyanın Amerikaya məxsus olmalı olduğunu bildirib.

Teleqraf xəbər verir ki, o, adanın hərbi yolla ələ keçirilməsi variantını istisna etməyib.

“Qrenlandiya bizim ümumi təhlükəsizlik sistemimizin bir hissəsi kimi ABŞ-nin tərkibinə daxil olmalıdır. Bu, hazırkı administrasiyanın fəaliyyətə başladığı vaxtdan ABŞ hökumətinin rəsmi mövqeyidir: Qrenlandiya ABŞ-nin bir hissəsi olmalıdır. Prezident Donald Tramp bu məsələdə çox açıq mövqe ortaya qoyub”, - o deyib.

Miller jurnalistin adaya qoşun yeridilməsi ehtimalı ilə bağlı suala birbaşa cavab verməkdən yayınaraq qeyd edib ki, Qrenlandiyanın gələcəyi naminə heç kim Birləşmiş Ştatlarla hərbi baxımdan müharibə aparmayacaq.

ABŞ rəsmisi Danimarkanın ada üzərindəki suverenliyini də şübhə altına alıb:

“Əsas sual budur: Danimarka hansı əsasla Qrenlandiya üzərində nəzarətə iddia edir? Ərazi iddialarını hansı əsasla irəli sürür? Danimarka Qrenlandiyanı hansı əsasla öz koloniyası hesab edir?”.