ABŞ Dövlət Departamenti İranda qadınların edam edilməsini pisləyən bəyanat yayıb.
Teleqraf xəbər verir ki, bu barədə qurumun X hesabında bildirilib.
“Birləşmiş Ştatlar beynəlxalq ictimaiyyətlə birlikdə insan hüquqlarının qorunması və qadınların ləyaqətinin müdafiəsi yolunda İran xalqı ilə çiyin-çiyinə dayanır”, - bəyanatda deyilir.
ABŞ Dövlət Departamenti Rəşt şəhərində yerləşən Lakan həbsxanasında saxlanılan 67 yaşlı siyasi məhbus Zəhra Şəhbaz Təbəri barəsində edam hökmünə istinadla bildirib ki, o, İranda edamı gözləyən saysız-hesabsız qadınlardan biridir və bu, getdikcə sayları artan qadınların təhlükəli vəziyyətindən xəbər verir:
“İranda qadınların edam edilməsi son 25 ilin ən yüksək səviyyəsinə çatıb. 2025-ci ilə dair hesabatlar göstərir ki, təkcə bu il ərzində azı 61 qadının edam edilməsi ilə bu göstərici ötən illə müqayisədə 70 faiz artım nümayiş etdirib”.
Departament edamların dərhal dayandırılması, hüquqi prosedurlara hörmət edilməsi və bütün siyasi məhbusların azadlığa buraxılmasına çağırıb.