ABŞ ictimai rəyi artıq İsrailin əleyhinədir -Politoloq

Netanyahu hökuməti həm daxildə, həm xaricdə ictimai rəyi sürətlə itirir
Almaniya kansleri Fridrix Merzlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub. Almaniya hökumətinin rəsmisi Ştefan Kornelius deyib ki, kansler Qəzzadakı fəlakətli humanitar vəziyyətdən ciddi narahatlığını ifadə edib. O, Baş nazir Netanyahunu dərhal atəşkəsə nail olmaq üçün mümkün olan hər şeyi etməyə çağırıb. Həmçinin Netanyahunu Qəzzanın aclıqdan əziyyət çəkən mülki əhalisini təcili ehtiyac duyulan humanitar yardımla təmin etməyə səsləyib. Almaniyanın dövlət naziri Florian Han da İsraili Yaxın Şərqlə bağlı siyasətini dəyişməyə çağırıb. O, İsrailin hazırkı siyasətinin yanlış olduğunu bildirib: "Biz Fələstin dövlətini tanımağa üstünlük verəcəyimizi bəyan etmişik. Bu, bizim mövqeyimiz olaraq qalır".
Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu deyib ki, İsrail bütün hərbi məqsədlərinə çatacaq, tam qələbə qazanacaq, həmçinin HƏMAS hərəkatını məhv edəcək. Netanyahu qeyd edib ki, İsrail Qəzza zolağına lazımi səviyyədə humanitar yardım təqdim edir. Netanyahu Rusiya Prezidenti Vladimir Putinlə də telefon əlaqəsi saxlayıb. Dövlət başçıları Yaxın Şərqdəki proseslərlə bağlı müzakirələr aparıblar.
Politoloq Turab Rzayev Sherg.az-a deyib ki, Qəzzada daş üstündə daş qalmayıb, yüz minlərlə insan öldürülüb, insanlar acından ölür. Amma insanların müqavimət ruhu ölməyib, hələ də davam edir. Ekspert bildirib ki, Qəzza əhalisi nə kütləvi sürgünə gedir, nə də təslim olur:
 "Netanyahu hökuməti həm daxildə, həm xaricdə ictimai rəyi sürətlə itirir. İsrailin ənənəvi müttəfiqləri olan Qərb ölkələrində əhalinin əksəriyyəti, siyasi və mədəni elitanın böyük hissəsi Qəzzada baş verənləri dəstəkləmir. Bir sıra Avropa ölkələri Netanyahunun həbsinə order verir. İsrailə qarşı boykota, embarqoya çağırış edir. Beynəlxalq məhkəmənin Netanyahu və Qatz haqqında cinayət qərarını tanıyır. İrlandiya və İspaniya kimi ölkələr acı şəkildə Fələstini müdafiə edir. İngiltərə və həvariləri ilk dəfə hakimiyyətdə olan İsrail nazirlərinə sanksiya tətbiq ediblər". 
Siyasi şərhçi əlavə edib ki, ABŞ ictimai rəyi artıq İsrailin əleyhinədir: 
"Bu, İsrail üçün çox böyük itki və çox böyük təhlükədir. İlk dəfə ABŞ-də çoxluq İsrail əleyhdarıdır. BMT baş katibi İsraili açıq tənqid edir, onu soyqırımı və müharibə cinayətlərində ittiham edir. Fələstinə dəstək üçün ABŞ və İsrail dəvət edilməyən beynəlxalq konfrans çağırır. İlk dəfə daimi yəhudi lobbisinin yanında olan, qeyd-şərtsiz dəstək verən mühafizəkarların İsraili açıq tənqid etdiyini görürük. Britaniya hökuməti İsrail Qəzzada əməliyyatı davam etdirərsə, Fələstin dövlətini tanımağı nəzərdən keçirir. Netanyahu İsrail daxilində də ictimai rəyi itirir. Ancaq ABŞ və Britaniyada ictimai rəyi itirmək İsrail üçün daha təhlükəlidir".