ABŞ-ın Venesuelaya müdaxiləsi: Rusiya və Çin qazandı!

ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu devirən hərbi əməliyyatı Rusiya və Çin üçün “strateji hədiyyə” ola bilər. Moskva və Pekin Latın Amerikasında əsas müttəfiqini itirmiş olsalar da, potensial olaraq qlobal miqyasda daha əhəmiyyətli bir şey qazanıblar.

Axar.az xəbər verir ki, bunu beynəlxalq siyasi şərhçi Adrian Blomfeld “Telegraf”da yazıb.

“Moskva və Pekin bu hadisələri bir fürsət kimi qəbul edə bilərlər. Bir tərəfdən Tramp qlobal səhnədə güc tətbiq etmək əzmini nümayiş etdirib, digər tərəfdən isə hadisələr Trampın açıq şəkildə Amerika təsir zonası adlandırdığı Latın Amerikasında baş verib.

Yəni Maduronun devrilməsi Tramp üçün qlobal geosiyasətdə iştirak etmək əvəzinə “evə” fokuslanmaq istəyini göstərən bir addım kimi qiymətləndirilə bilər”, - deyə şərhçi bildirib.

Blomfeld qeyd edib ki, bu kontekstdə Moskva və Pekin beynəlxalq arenada özlərini əngəllənmiş deyil, əksinə, təşviq edilmiş hiss edə bilərlər:

“Hərçənd Rusiya və Çin Venesuelada strateji əhəmiyyətə malik neft ehtiyatlarına çıxışlarını itirəcəklər, amma bu, onların Latın Amerikasının digər ölkələrinə daha geniş yollar açması deməkdir.

Bu regionda ABŞ-ın addımları isə ciddi şəkildə mənfi qarşılanıb”.