ABŞ və İran arasında aparılan diplomatik təmaslar çərçivəsində Tehranın dondurulmuş aktivlərinin azad edilməsi, uranın zənginləşdirilməsi səviyyəsinin azaldılması və beynəlxalq nüvə müfəttişlərinin ölkəyə qayıtması məsələləri müzakirə olunur.
APA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Qətər və Pakistanın birgə təşəbbüsü Vaşinqtonla Tehran arasında ciddi danışıqlar prosesinin bərpasına imkan yaradıb.
Bildirilir ki, tərəflər razılığa gələcəkləri təqdirdə ABŞ İranın 6–9 milyard dollar məbləğində dondurulmuş aktivlərini azad edə bilər.
Təklif olunan razılaşma çərçivəsində Hörmüz boğazının açılması və İrana qarşı dəniz blokadasının dərhal aradan qaldırılması da nəzərdə tutulur.
Telekanalın məlumatına görə, tərəflər İran ərazisində uranın 3,67 faiz səviyyəsində zənginləşdirilməsinə icazə verilməsi barədə ilkin anlaşmaya yaxınlaşıblar.
“Vaşinqton İran ərazisində uranın 3,67 faizədək zənginləşdirilməsinə razılıq verib, Tehran isə bunu qəbul edib”, – mənbələr bildirib.
Bununla yanaşı, ABŞ İranın indiyədək 60 faiz səviyyəsində zənginləşdirdiyi uranın zənginləşdirmə dərəcəsinin aşağı salınmasını tələb edir. Bu məqsədlə üçüncü ölkənin prosesə cəlb edilməsi də müzakirə olunur.
Digər mühüm məsələ Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinin İrana qayıtmasıdır.
Mənbələr bildiriblər ki, müfəttişlərin fəaliyyətinin bərpası ilə bağlı müzakirələrə hazırlıq görülür. Lakin onların səlahiyyətlərinin və yoxlamaların miqyasının necə müəyyən ediləcəyi hələ dəqiqləşdirilməyib.
ABŞ
İran