ABŞ administrasiyası İsrailə Amerika silahlarının alınması üçün ayrılan illik 4 milyard dollarlıq maliyyə yardımını mümkün qədər tez dayandırmaq niyyətindədir.
Teleqraf xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Parisdə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Prezident Donald Tramp İsrailin artıq Amerika silahlarını öz vəsaiti hesabına almaq üçün kifayət qədər zəngin və iqtisadi cəhətdən güclü ölkə olduğunu düşünür.
“İsrail bizdən silah ala bilər, lakin biz artıq bunun üçün maliyyə ayırmamalıyıq. Üstəlik, bu təklifi İsrail tərəfi özü irəli sürüb”, – Rubio vurğulayıb.
Dövlət katibi bildirib ki, Vaşinqton və Təl-Əviv hazırda bu məsələ ilə bağlı qarşılıqlı anlaşma memorandumu üzərində danışıqlar aparır. Tramp maliyyələşdirmənin mümkün qədər tez dayandırılmasını istəyir.
Rubio yeni sistemə 2027-ci ildən keçidin mümkünlüyü barədə suala cavabında ABŞ Prezidentinin bu istiqamətdə qərarlı olduğunu bildirib.
O, həmçinin İsrailin özünün də silah istehsal etdiyini xatırladaraq gələcək memorandumda birgə hərbi istehsal imkanlarının nəzərdə tutula biləcəyini qeyd edib.
Xatırladaq ki, Tramp daha əvvəl “Fox News” telekanalına müsahibəsində İsrailə illik 4 milyard dollarlıq maliyyə yardımının 2026-cı ilin sonunadək dayandırılacağını açıqlamışdı. ABŞ liderinin sözlərinə görə, bu qərar bir neçə ay əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ilə razılaşdırılıb.
İsrailin “Kan” dövlət teleradio şirkəti isə ölkə rəhbərliyinin Trampın açıqlamasına hazırlıqsız yaxalandığını bildirib.