Demokratların rəhbərlik etdiyi beş ABŞ ştatı Prezident Donald Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilib ki, iddia uşaq baxımı və ailə yardımı üçün nəzərdə tutulan 10 milyard dollardan çox federal vəsaitə çıxışın dondurulması qərarına etiraz olaraq qaldırılıb.
Kaliforniya, Kolorado, İllinoys, Minnesota və Nyu -York ştatları Manhetten federal məhkəməsinə müraciət ediblər. Buna səbəb ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin əlavə araşdırma aparılana qədər sözügedən vəsaitlərə çıxışı məhdudlaşdıracağını elan etməsidir.
Nəticədə beş ştatın ümumilikdə 869 milyon dollarlıq sosial xidmət qrantlarına çıxışı dondurulub.
Ağ Ev məsələ ilə bağlı şərh sorğusuna cavab verməyib.
Agentliyin məlumatına görə, dondurulan vəsaitlərə Uşaqlı Aztəminatlı Ailələr üçün Müvəqqəti Yardım Proqramı çərçivəsində ayrılan 7,3 milyard dollar, eləcə də Uşaq İnkişafı və Qayğı Fondundan nəzərdə tutulan təxminən 2,4 milyard dollar daxildir.